BAKI, AzerVoice
İranın, nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququ da daxil olmaqla, qanuni maraqları uğrunda apardığı mübarizəni dəstəkləyirik.
AzerVoice xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin verdiyi açıqlamada yer alıb.
O, həmçinin, İsrailin İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xameneiyə qarşı səsləndirdiyi sui-qəsd təhdidlərinə də diqqət çəkib.
“Bu təhdidlərin reallaşmayacağına ümid edirəm” - deyə, Putin bildirib.
Putin, İranla əlaqə saxladıqlarını və Buşehr şəhərində yerləşən və təxminən 200 rus mütəxəssisin fəaliyyət göstərdiyi nüvə elektrik stansiyasındakı işlərin davam etdiyini bildirib.
O həmçinin, Üçüncü Dünya Müharibəsinin başlama ehtimalının artdığına xüsusi vurğu edib.
“Hazırkı vəziyyət və potensial risklər fonunda Üçüncü Dünya Müharibəsi ehtimalı artır. Bu, ciddi narahatlıq doğurur” - deyə, Rusiya Prezidenti qeyd edib.
Putin, bölgədəki eskalasiyanın qlobal təhlükəsizlik üçün real təhdid olduğunu vurğulayaraq, tərəfləri təmkinli olmağa çağırıb.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.