Əsas səhifə » Fransada cinayət məsuliyyətinə cəlb edilmə yaşının 16-ya endirilməsi təklif edilib

Fransada cinayət məsuliyyətinə cəlb edilmə yaşının 16-ya endirilməsi təklif edilib

BAKI, AzerVoice

Fransanın ədliyyə naziri Jerald Darmanen ölkədə cinayət məsuliyyətinə cəlb edilmə yaşının 16-ya endirilməsini təklif edib.

AzerVoice xəbər verir ki, Nazir bu barədə RMC radiosuna verdiyi açıqlamada bildirib.

“Mən cinayət məsuliyyətinin yaş həddinin 16-ya endirilməsinin tərəfdarıyam. Əgər bunu etsək, cinayət törədənlərə qarşı sərt tədbirlər görə bilərik” - deyə, o vurğulayıb.

Darmanenin sözlərinə görə, bu təşəbbüsün həyata keçirilməsi üçün konstitusiyada dəyişiklik edilməlidir.

Qeyd edək ki, bundan əvvəl Fransa Konstitusiya Şurası yeniyetmələr və onların valideynlərinə qarşı hüquqi məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini rədd etmişdi. Layihə 16 yaşdan yuxarı yeniyetmələrə təkrar cinayət törətdikləri halda məhkəməyə dərhal cəlb edilməklə sürətləndirilmiş hüquqi prosedurun tətbiqini nəzərdə tuturdu. Bu prosedur hal-hazırda yalnız yetkinlik yaşına çatmış şəxslərə tətbiq olunur.

Şura layihənin konstitusiyaya zidd olduğunu əsaslandıraraq onu qəbul etməyib. Hazırda Fransada cinayət məsuliyyətinə cəlb edilmə üçün minimum yaş 18-dir.

Yeniyetmələrin məsuliyyəti ilə bağlı ictimai müzakirələr iyun ayının əvvəlində 14 yaşlı bir yeniyetmənin məktəbdə müəlliməni qətlə yetirməsindən sonra başlanıb. Bu hadisədən sonra Fransa Prezidenti Emmanuel Makron 15 yaşına çatmayan uşaqlar üçün sosial şəbəkələrə çıxışın qadağan olunmasını və yeniyetmələrə soyuq silah satışının məhdudlaşdırılmasını təklif edib.

Digər Kateqoriyalar

2025 © Azervoice