BAKI, AzerVoice
ABŞ administrasiyası, İranın müdafiə sənayesi üçün lazımi texniki avadanlıqların təchizatı və daşınmasını təmin etdiklərinə görə bir şəxsi və 8 şirkəti sanksiya siyahısına əlavə edib.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı rəsmi bəyanatda məlumat verilib.
Bəyənatda bildirilir ki, sanksiyalar İranın raket və digər silah istehsal imkanlarını inkişaf etdirməsinin qarşısını almaq, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onun bölgədəki vasitəçi qüvvələrinin maliyyə resurslarına çıxışını kəsmək məqsədi daşıyır.
Sanksiya tətbiq edilənlər arasında Honq Konqda qeydiyyatdan keçmiş “Unico Shipping” şirkətinə məxsus bir gəmi də var. Bu gəminin İranın müdafiə ehtiyacları üçün yük daşıdığı bildirilib.
“Birləşmiş Ştatlar İran rejiminin ballistik raket, pilotsuz uçuş aparatları və digər asimmetrik silah proqramlarının əsasını təşkil edən ikili istifadəli texnologiya və dəqiq komponentlərin əldə edilməsinin qarşısını almaqda qətiyyətlidir” - deyə, ABŞ maliyyə naziri Skott Bessent bildirib.
"Bu planlara dəstək verənlər məsuliyyətə cəlb ediləcək və ABŞ İranın regional sabitliyi və qlobal təhlükəsizliyi təhdid edən ölümcül silahları istehsal və ixrac qabiliyyətini zəiflətməyə davam edəcək" - deyə, o əlavə edib.