BAKI, AzerVoice
Türkiyə yalnız Qafqazda deyil, bütün regionda sabitliyin təmin olunması üçün diplomatiyanın bütün imkanlarından istifadə edir.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.
Görüşdə Türkiyə ilə Ermənistan arasındakı ikitərəfli əlaqələr, Cənubi Qafqazda sülh və dialoq prosesi, eləcə də regionu maraqlandıran aktual hadisələr müzakirə olunub.
Prezident Ərdoğan, görüş zamanı Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında əldə olunan razılaşmanın əhəmiyyətini vurğulayıb.
Görüşdə həmçinin Türkiyə–Ermənistan münasibətlərinin normallaşması istiqamətində atıla biləcək addımlar da müzakirə edilib.
Ərdoğan, İsrailin İrana qarşı hücumlarının yaratdığı riskləri aradan qaldırmaq məqsədilə liderlərlə intensiv təmaslarını davam etdirdiyini də vurğulayıb.
Qeyd edək ki, görüş Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe İş Ofisində Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ermınistan xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə keçirilib.
Əlavə edək ki, Türkiyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra, 1993-cü ildən etibarən bu ölkə ilə diplomatik əlaqələrini kəsib. Bu, uzun illərdən sonra Ermənistandan Türkiyəyə baş nazir səviyyəsində edilən ilk rəsmi səfərdir.