BAKI, AzerVoice
İstanbulda birbaşa danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Medinski İstanbulda əldə olunan razılaşmalar çərçivəsində ümumilikdə 6 min 60 əsgərin cənazəsini Ukraynaya təhvil verdiklərini açıqlayıb.
AzerVoice xəbər verir ki, Medinski iyunun 2-də İstanbulda Türkiyənin ev sahibliyi etdiyi Rusiya və Ukrayna arasında aparılan danışıqlarla bağlı Telegram kanalında açıqlamalar verib.
Danışıqlar zamanı əldə olunan bəzi razılaşmaları yerinə yetirdiklərini vurğulayan Medinski, "Rusiya İstanbulda verdiyi sözü yerinə yetirdi. Ümumilikdə 6 min 60 əsgərin cənazəsi Ukrayna tərəfinə təhvil verildi. O tərəfdən (Ukrayna) 78 cənazə götürüldü. Əsir dəyişdirmə prosesi davam edir. Cəbhədə ciddi yaralıların təcili tibbi yardımı təmin edildi". ifadələrdən istifadə edib.
Digər tərəfdən Ukraynalı Əsirlərin Müalicəsi Koordinasiya Mərkəzinin Telegram hesabından edilən yazılı açıqlamada Rusiyanın İstanbulda aparılan danışıqlarda əldə olunan razılaşmalara uyğun olaraq daha min 245 ukraynalının cəsədini Ukraynaya təhvil verdiyi bildirilib.
Qeyd edək ki, iyunun 2-də Türkiyənin ev sahibliyi ilə İstanbulda Rusiya ilə Ukrayna arasında keçirilən danışıqlarda 6 min Ukrayna əsgərinin dondurulmuş cəsədlərinin təhvil verilməsi, ağır xəstə və yaralı əsgərlərlə 25 yaşından kiçik əsir əsgərlərin dəyişdirilməsi ilə bağlı razılıq əldə edilib.