BAKI, AzerVoice
İsrailin İrana etdiyi hücum təkcə İran üçün deyil, bütün region üçün keçərlidir.
AzerVoice xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamada yer alıb.
"İsrail indi də qonşumuz İranı hədəfə alaraq hücuma başlayıb. Biz əvvəldən bəri İranın nüvə proqramı ilə bağlı müzakirələrin danışıqlar masasında aparılmalı olduğunu müdafiə etmişik və bu gün də eyni mövqedəyik. İndiyə qədər bir çox liderlərlə danışıqlar aparmışıq. Bu görüşlərdə İsrailin artıq quldurluğa çevrilmiş təcavüzkarlığının yaratdığı təhlükəyə diqqət çəkmişik. Türkiyə olaraq bizə düşən məsuliyyətləri yerinə yetirəcəyimizə dair qarşı söz vermişik. Danışıqlar masasında həll olunmalı məsələlərin bombalarla həll edilməyə çalışılmasının nəticələrini heç kim əvvəlcədən təxmin edə bilməz. Cümə günündən bəri, həm şəxsən, həm də Xarici İşlər Naziri səviyyəsində gərginliyin azaldılması üçün diplomatik səylər göstəririk.
Qərbin qeydsiz-şərtsiz dəstəyi ilə İrana hücum edən və Qəzzanı yerlə-yeksan edən İsrail əslində nə etdiyinin fərqində deyil. Ola bilsin ki, bir gün etdiyi səhvləri anlayacaq, amma artıq gec olacaq. Heç bir ölkə yalnız rəsmi sərhədləri ilə məhdudlaşmır. Regionumuzdakı hər bir hadisə bütün cəmiyyətləri birbaşa maraqlandırır. Fələstin xalqına və torpaqlarına edilən hücum yalnız həmin bölgə ilə məhdud deyil. Bu, İran üçün də keçərlidir. Regionda bu reallıqlar nəzərə alınmadan atılan hər addım daha böyük fəlakətlərə yol aça bilər. İsrail tökdüyü hər damla qanla həm öz mövcudluğunu, həm də xalqının gələcəyini addım-addım təhlükəyə atır" - deyə, Ərdoğan bildirib.
Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.