BAKI, AzerVoice, Nailə Babazadə
İsrail ordusu 10 oktyabr tarixindən etibarən qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq Qəzza zolağının müxtəlif bölgələrinə yeni hücumlar təşkil edib.
AzerVoice xəbər verir ki, Səhiyyə qaynaqlarından alınan son məlumatlara görə, Qəzzanın cənubunda yerləşən Xan Yunus şəhərində İsrail hərbçilərinin açdığı atəş nəticəsində biri uşaq, digəri isə yaşlı olmaqla iki fələstinli yaralanıb.
Hadisə şahidləri İsrail qüvvələrinin Xan Yunusun şərq hissəsində intensiv və nizamsız şəkildə atəş açdığını bildiriblər. Bundan əlavə, həmin ərazidə çoxsaylı yaşayış binalarının yerləşdiyi bir sahədə genişmiqyaslı partlayışların törədildiyi və tikililərin dağıdıldığı qeyd olunub. Oxşar hücumlar Qəzzanın orta hissəsindəki Bureyc qaçqın düşərgəsinin şərqi və Qəzza şəhərinin Zeytun məhəlləsi istiqamətində də davam etdirilib.
Hərbi hərəkətlilik quruda olduğu kimi havada da müşahidə olunub. İsrailə məxsus döyüş təyyarələri Qəzza zolağının cənubundakı Refah şəhərinə və Qəzza şəhərinin şərq rayonlarına bir sıra hava zərbələri endirib. Rəsmi statistikaya əsasən, atəşkəs elan olunduğu gündən bəri İsrail tərəfinin törətdiyi yüzlərlə qanun pozuntusu nəticəsində azı 591 nəfər həyatını itirib, 1578 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.