Bakı, AzerVoice, Nailə Babazadə
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani İsrailin işğal altındakı Qərb Sahilində atdığı addımların qanunsuz ilhaqı gücləndirdiyini və bunun beynəlxalq hüquqa zidd olduğunu bildirib.
AzerVoice xəbər verir ki, Şamdasani Anadolu Agentliyinin suallarına yazılı cavabında İsrailin Fələstin administrasiyasının nəzarətində olan ərazilərdə nəzarət tədbirlərini artırmaq qərarını qınayıb. Onun sözlərinə görə, bu addımlar rəsmi deportasiya olmadan təzyiq yolu ilə məcburi köçürməni asanlaşdıran şərait yaradır.
Şamdasani qeyd edib ki, 7 oktyabr 2023-cü ildən bəri Qərb Sahilində, o cümlədən Şərqi Qüdsdə 1052 fələstinli İsrail qüvvələri və qeyri-qanuni məskunlaşanlar tərəfindən öldürülüb. O, həmçinin zorakılıq, əsassız həbslər və hərəkət azadlığına ciddi məhdudiyyətlərin artdığını vurğulayıb.
BMT rəsmisi beynəlxalq ictimaiyyəti İsrailin beynəlxalq hüquqa əməl etməsini təmin etməyə və ilhaq prosesinin qarşısını almağa çağırıb.