BAKI, AzerVoice, Nailə Babazadə
Çin Xarici İşlər naziri Van İ Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Fransa, Almaniya və Britaniyalı həmkarları ilə görüşərək Pekini etibarlı tərəfdaş kimi təqdim edib.
AzerVoice xəbər verir ki, nazir vurğulayıb ki, Çinin inkişafı Avropa üçün təhdid deyil, əksinə bir fürsətdir və tərəflər rəqib yox, tərəfdaş kimi hərəkət etməlidir.
Görüşlər Avropa İttifaqının Çindən strateji asılılığı azaltmaq cəhdləri və elektrikli avtomobil ixracı ilə bağlı yaranan rüsum mübahisələri fonunda baş tutub. Van İ Avropanı "rasional və praqmatik" siyasət yürütməyə çağıraraq, birtərəfli addımların və proteksionizmin qlobal sabitliyə zərər verdiyini bildirib. O, iqtisadi əlaqələri "təməl daşı" adlandırıb və qarşılıqlı asılılığın təhlükəsizliyə risk yaratmadığını qeyd edib.
Britaniyalı həmkarı İvett Kuper ilə görüşdə isə Ukrayna və İran mövzuları ilə yanaşı, London və Pekin arasında əməkdaşlıq potensialı müzakirə olunub.