BAKI, AzerVoice, Nailə Babazadə
Stanford Universitetinin həyata keçirdiyi yeni araşdırma yaşlanmanın hər il eyni tempdə irəliləyən yavaş bir proses olmadığını, əksinə, 44 və 60 yaşlarında baş verən iki böyük bioloji dəyişiklik dalğası ilə reallaşdığını ortaya qoyub.
AzerVoice xəbər verir ki, yaşlanma prosesini molekulyar səviyyədə araşdıran elm adamları insan bədəninin müəyyən dövrlərdə sanki "vites böyütdüyünü" kəşf ediblər. 25-75 yaş arası 108 könüllüdən alınan minlərlə bioloji nümunə (RNT, zülallar və mikrobiomlar) üzərində aparılan tədqiqat yaşlanma əlamətlərinin məhz bu iki kritik yaşda zirvəyə çatdığını göstərib. Araşdırılan molekulların 81%-i bu iki yaş dövründən ən azı birində radikal dəyişikliklərə məruz qalır.
Birinci dalğada, yəni 44 yaşda xüsusilə spirtli içki, kofein və yağ (lipid) metabolizmi ilə bağlı molekullarda ciddi dəyişikliklər baş verir. Həmçinin ürək-damar xəstəlikləri, əzələ və dəri strukturundakı pozulmalar bu yaş dövründə sürətlənməyə başlayır. Maraqlıdır ki, bu sıçrayış əvvəlcə menopozla əlaqələndirilsə də, eyni bioloji qırılmanın kişilərdə də tam eyni yaşda baş verdiyi sübut olunub.
İkinci böyük dalğa olan 60 yaşda isə immunitet sisteminin tənzimlənməsi, böyrək funksiyaları və karbohidrat metabolizmi ön plana çıxır. Ürək-damar xəstəlikləri ilə dəri və əzələ dəyişiklikləri bu mərhələdə də öz təsirini güclü şəkildə davam etdirir.
Stanford Universitetinin genetika mütəxəssisi Maykl Snayder vurğulayır ki, biz zamanla yavaş-yavaş deyil, kəskin dönüş nöqtələri ilə dəyişirik. Bu kəşf Altsheymer və ürək xəstəlikləri kimi yaşla bağlı narahatlıqların niyə müəyyən yaşlardan sonra qəfil artdığını anlamağa kömək edəcək. Mütəxəssislər xüsusilə 40 və 60 yaşlarına yaxınlaşarkən qidalanma və idman kimi həyat tərzi amillərinə daha ciddi diqqət yetirməyi tövsiyə edirlər.