BAKI, AzerVoice, Nailə Babazadə
Qəzza Mətbuat Ofisinin verdiyi son məlumata görə, 10 oktyabr 2025-ci ildə qüvvəyə minmiş atəşkəs rejiminə baxmayaraq, İsrail ordusu Qəzza zolağında hücumlarını və soyqırım siyasətini davam etdirir. 4 fevral 2026-cı il tarixinədək olan 115 günlük dövr ərzində İsrailin atəşkəsi 1520 dəfə pozduğu rəsmən açıqlanıb. Bu müddətdə 556 fələstinli həyatını itirib, 1500-dən çox insan isə yaralanıb.
AzerVoice xəbər verir ki, hesabatda qeyd olunur ki, ölənlərin 288-i qadın və uşaqlardır, həlak olanların isə 99%-i mülki şəxslərdir. Yaralıların da 900-dən çoxunu qadınlar və uşaqlar təşkil edir. İsrail hərbçiləri 552 hadisədə mülki şəxslərə qarşı birbaşa atəş açıb, yaşayış məntəqələrinə 73 hərbi əməliyyat və 704 bombardman həyata keçirilib. Nəticədə 221 bina tamamilə dağılıb.
Atəşkəs şərtlərinə görə Qəzzaya daxil olması nəzərdə tutulan 69 min yük avtomobilindən cəmi 29 603-nə icazə verilib. Bunlardan yalnız 17 513-ü humanitar yardım daşıyıb. Ən kritik vəziyyət yanacaq təminatında yaşanır; razılaşdırılmış 5 750 yanacaq daşıyan maşından yalnız 808-nin (cəmi 14%-nin) bölgəyə girişinə şərait yaradılıb.
Qəzza şəhərinin Zeytun məhəlləsində yerləşən Əbu Şaban binasının bombardman edilməsi zamanı çəkilən görüntülər araşdırılıb. Məlum olub ki, İsrail bu hücumda ABŞ mənşəli, yüksək partlayıcı gücə malik "MK" tipli (JDAM idarəetmə dəsti ilə təchiz olunmuş) sursatlardan istifadə edib.
Bu mühimmatların üç növü (500 kq-lıq MK82, 750 kq-lıq MK83 və 1 tonluq MK84) yüksək dağıdıcılıq qabiliyyətinə malikdir və əhalinin sıx məskunlaşdığı ərazilərdə istifadəsi mülki əhali üçün böyük risk yaradır.
Atəşkəs dövründə ABŞ Dövlət Departamenti İsrailə 6,52 milyard dollar dəyərində hərbi texnika satışını təsdiqləyib. Eyni zamanda, İsrail ordu sözçüsü Aviçay Adrae Zeytun məhəlləsi üçün "qırmızı nöqtələrlə" işarələnmiş xəritə paylaşaraq sakinləri evlərini tərk etməyə çağırıb. O, ərazidə "HƏMAS infrastrukturu" olduğunu iddia edərək hava zərbələri endiriləcəyi ilə hədələyib ki, bu da atəşkəsdən sonra mülki əhalinin birbaşa hədəf göstərilməsi baxımından bir ilk sayılır.