BAKI, AzerVoice
Dəməşq qalasında keçirilən rəsmi mərasimlə Suriya İnkişaf Fondunun fəaliyyətə başladığı elan olunub.
AzerVoice xəbər verir ki, tədbirdə ölkə prezidenti Əhməd Əş-Şəraa da iştirak edib.
Yeni yaradılan fondun əsas məqsədləri, dağıdılmış infrastrukturun bərpası,əhalinin əsas xidmətlərlə təmin olunması və mühüm sahələrin inkişaf etdirilməsidir.
Fondun maliyyələşməsi yerli və beynəlxalq ianələr, həmçinin xarici qrantlar hesabına formalaşdırılır. Rəsmi məlumata görə, fəaliyyətə başladığı ilk saat ərzində fonda 55 milyon dollardan artıq vəsait daxil olub. Bu göstərici həm ölkə daxilində, həm də xaricdəki donorların aktiv dəstəyinin nəticəsi kimi qiymətləndirilir.
Suriya prezidentinin həyat yoldaşı Lətifə Drubi də fonda şəxsi töhfə verib. O, 5 min dollar ianə etməklə birgə səylərin əhəmiyyətinə diqqət çəkib və ölkənin gələcəyi naminə həmrəylik çağırışı edib.
Ekspertlərin fikrincə, fond vasitəsilə toplanacaq vəsaitlər Suriyanın davamlı inkişafına, sosial-iqtisadi sabitliyinə və müharibədən sonra bərpa proseslərinin sürətlənməsinə ciddi təkan verə bilər.