BAKI, AzerVoice, Səməd Əyyubov
Ötən il dekabrın 8-də Suriyada Bəşşar Əsəd rejiminin devrilməsindən sonra Türkiyədən ümumilikdə 411 min 649 suriyalı öz vətəninə qayıdıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Köç İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, 2016-cı ildən bu günə qədər Türkiyədən Suriyaya könüllü şəkildə qayıdanların ümumi sayı 1 milyon 151 min 652 nəfərə çatıb. Hazırda isə Türkiyədə müvəqqəti qoruma statusu ilə yaşayan suriyalıların sayı 2 milyon 543 min 711 nəfərdir.
Nazirlik vurğulayıb ki, qayıdış prosesi bütün aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu zaman qeydiyyat prosedurları, nəqliyyat planlaması və digər bütün detallar diqqətlə izlənilir.
Qeyd edək ki, suriyalı ailələr vətənə dönüş zamanı avtobuslarla sərhəd qapılarına yola salınır. Bunun üçün əsasən Hatay (Cilvegözü, Yayladağı, Zeytindalı), Kilis (Öncüpınar, Çobanbey), Gaziantep (Karkamış) və Şanlıurfa (Akçakale) sərhəd-keçid məntəqələrindən istifadə olunur.