BAKI, AzerVoice
İranın xarici işlər naziri Abbas Araqçi bu gün İsveçrənin Cenevrə şəhərinə səfər edib və burada Avropa İttifaqına (Aİ) üzv ölkələrin baş diplomatları ilə Tehranın nüvə proqramı ilə bağlı danışıqlara başlayıb.
Bu barədə AzerVoice xarici KİV-ə istinadən xəbər verir.
Danışıqlar aparmadan əvvəl BMT-nin Cenevrə qərargahında çıxış edən Araqçi, İsrailin İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumları ağır hərbi cinayət adlandırıb. Onun sözlərinə görə, bu hücumlar beynəlxalq hüquq normalarının açıq şəkildə pozulmasıdır.
Diplomatik səylər çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Deyvid Lemmi bildirib ki, İranla bağlı diplomatik həll üçün bir həftəlik "real fürsət pəncərəsi" mövcuddur. O, bu bəyanatı Cenevrədə iranlı, fransız və alman həmkarları ilə görüş öncəsi verib. Görüşün məqsədi münaqişəni danışıqlar yolu ilə həll etmək və bölgədə gərginliyin daha da artmasının qarşısını almaqdır.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.