Əsas səhifə » Əl-Əzhərin şeyxindən İrana dəstək - Misir nə demək istəyir?

Əl-Əzhərin şeyxindən İrana dəstək - Misir nə demək istəyir?

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İsrail ilə İran arasında davam edən müharibəyə Əl-Əzhər və onun şeyxi Əhməd ət-Tayyib də qoşuldu. O, yayımladığı sərt bəyanatla İran İslam Respublikasına qarşı “təcavüzü” qınadı və beynəlxalq ictimaiyyətin susqunluğunu sərt tənqid etdi. Şeyx bu susqunluğu “cinayətə şəriklik” kimi qiymətləndirdi və bildirdi ki, müharibə heç vaxt sülh yaratmaz.

Bu, Əhməd ət-Tayyibin İsrail–İran müharibəsinə ilk birbaşa müdaxiləsidir. Halbuki münaqişə artıq ikinci həftəsinə daxil olub. Bu, sual doğurur: Şeyx ət-Tayyib öz təşəbbüsü iləmi hərəkət edib, bu çıxış prezident Əbdülfəttah əs-Sisini çətin duruma salırmı? Yoxsa bu bəyanat Misirin rəsmi mövqeyi ilə razılaşdırılıb?

Qahirədəki siyasi dairələr hesab edir ki, Əl-Əzhər Misir rejiminin İsrailə qarşı diplomatik, mediada və parlamentdə getdikcə artan təzyiq siqnalını qəbul edib və bu istiqamətdə addım ataraq, İrana qarşı hücumları pisləyib, beynəlxalq cəmiyyətin sükutunu tənqid edib. Bu ritorika Misir Xarici İşlər Nazirliyinin və BMT-dəki daimi nümayəndəsinin son açıqlamaları ilə üst-üstə düşür.

Bu siqnal Misir prezidenti Əbdülfəttah əs-Sisinin, ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya və onun müttəfiqi İsrailin baş naziri Benyamin Netanyahunun Qahirənin bölgədəki rolunu görməzdən gəldiyi və ənənəvi vasitəçilik missiyasını keçmişdə buraxmaq istədikləri ilə bağlı narahatlıq fonunda səsləndirilib. Qahirə isə bu yanaşmanı qəbul etmir və nəticə etibarilə İranla münasibətləri genişləndirmək yolunu seçib. Müharibə başlamazdan bir neçə gün əvvəl isə İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi Misirdə qəbul edilmişdi.

Bəyanat, həmçinin İsrailin müharibənin guya “ərəb dünyası adından” aparıldığını iddia edən ritorikasını da təkzib etməyə çalışır. Əl-Əzhərin şeyxi isə İslam dünyasında sünni və şiə məzhəbləri arasında yaxınlaşma təşəbbüslərini dəstəkləyən mövqedədir.
Əl-Əzhərin bu mövqeyi İsrailin Qəzzaya qarşı apardığı müharibəyə (təxminən iki il əvvəl) verdiyi reaksiyaya bənzəyir. O zaman da şeyx ət-Tayyib dərhal reaksiya vermiş və İsraili kəskin şəkildə qınayan, dini deyil, siyasi üslubda ifadə olunan bəyanat yaymışdı.
İran məsələləri üzrə misirli siyasi şərhçi Məhəmməd Məhəssin Əbu Nəur "əl-Ərəb" qəzetinə bildirib ki, şeyx Əhməd ət-Tayyibin bəyanatı Misirin rəsmi mövqeyi ilə tam uyğundur və o, bu bəyanatında ölkənin milli maraqlarını qorumaq üçün öz dini nüfuzundan istifadə edib.

Əl-Əzhərin bəyanatı Misirdə xalq arasında geniş dəstək qazanıb. Çünki bu bəyanat məzhəbi fərqləri bir kənara qoyaraq İsraili ümumi düşmən kimi təqdim edir. Bu ritorika Qahirə rəhbərliyinin siyasi mövqeyinə tam uyğundur. Səudiyyə Ərəbistanı ilə İran arasında yaxınlaşmanın da fonunda, belə bir dini mövqenin səsləndirilməsi üçün əlverişli şərait yaranmışdır.

Əl-Əzhərin bu cür çıxışı Misirdə rəsmi orqanların razılığı olmadan mümkün deyildi. Çünki bəyanat dolayısı ilə İranın İsrailə qarşı bölgədə çəkindirici güc olaraq qalmasının vacibliyini qabardır. Bu isə Qahirənin, İranın çöküşünün Misiri növbəti hədəfə çevirə biləcəyindən ehtiyat etdiyini göstərir.

İsrail əl-Əzhərin müsəlman dünyasındakı mənəvi nüfuzunun fərqindədir. Xüsusilə İranla bağlı münaqişədə İsrail tərəfindən yayılan “şiə təhlükəsi ilə mübarizə” ritorikası bu bəyanatla sarsıdılıb.

Əl-Əzhərin bu mövqeyini sərgiləməsi Qahirə ilə Tehran arasında artan yaxınlaşma fonunda baş verir. Bu da şeyx ət-Tayyibin İranın tərəfində mövqe sərgiləməsini və İsrailə qarşı açıq tənqidi ritorika nümayiş etdirməsini asanlaşdırır. O da yaxşı bilir ki, bu sözləri bölgədə qəbul olunacaq.

İsrailin bu bəyanatın arxasında rəsmi Misir dəstəyinin olduğunu düşünməsi istisna deyil. Hətta Əl-Əzhərlə Misir rəhbərliyi arasında zaman-zaman fərqli yanaşmalar olsa da, rəsmi Qahirə Əl-Əzhərin İslam dünyasındakı nüfuzundan xəbərdardır. Bu da İsrailin İran və şiəliklə bağlı apardığı “informasiya müharibəsinin” qarşısında ciddi əngəldir.

Qahirə Əl-Əzhərə ənənəvi dini funksiyanı aşaraq siyasi mövqelər sərgiləməyə də şərait yaradır. Çünki Əl-Əzhərin İslam dünyasında malik olduğu nüfuz gələcəkdə həm ictimai, həm də rəsmi səviyyədə dividentlər gətirə bilər. Hərçənd ki, Əl-Əzhərin dövlətlə mövqe fərqləri olan hallar da olmuşdu.

Əl-Əzhərlə hökumət arasında illərdir mövcud olan əsas fikir ayrılığı odur ki, dini institut öz mövqeyini və nüfuzunu qorumağa daha çox önəm verir, nəinki dövlətin prioritet gündəmlərinə uyğunlaşmağa. İndi isə görünür ki, İsrailə qarşı İslam dünyasında geniş qəzəb dalğası fonunda, Əl-Əzhər özünü yenidən aparıcı dini qüvvə kimi təqdim etmək və məzhəblərarası yaxınlaşma ideyasını canlandırmaq üçün fürsət görür.

Digər Kateqoriyalar

2025 © Azervoice