BAKI,AzerVoice
İndoneziya Türkiyə ilə 48 ədəd TUSAŞ istehsalı 5-ci nəsil döyüş təyyarəsi KAAN almaq üçün imzalar atmağa hazırlaşır.
AzerVoice xəbər verir ki, Hakan Çelik, CNN Türk-də yayımlanan Hafta Sonu proqramında, razılaşma ilə bağlı ətraflı məlumat verərək, Asiyanın ən mühüm Müdafiə Sənayesi sərgilərindən biri olan INDO Defence 2025-də Türkiyənin yerli və milli döyüş təyyarəsi KAAN-a böyük maraq göstərildiyini bildirib.
Çelik, Türkiyədən 30-a yaxın müdafiə sənayesi quruluşunun İndoneziyada keçirilən Müdafiə Sərgisinə qatıldığını qeyd edib.
Çelik həmçinin, Türkiyə Müdafiə Sənayesi Sədri Prof. Dr. Haluk Görgün ilə İndoneziya Prezidentinin bu səhər görüşdüklərini və İndoneziyanın KAAN-a olan marağını vurğulayıb.
O bildirib ki, Azərbaycan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də bu təyyarəyə maraq göstərir.
"Ən vacib addım Türkiyə və İndoneziya arasında atılıb. Rəcəb Tayyib Ərdoğan dəqiq rəqəmləri açıqlayacaq, lakin Endoneziya 48 təyyarə almağı planlaşdırır. Bu təyyarələrin ümumi dəyəri 10 milyard dolların üzərində olacaq. Bu razılaşma həyata keçirildikdə, Türkiyə Cumhuriyyətinin tarixindəki ən önəmli xarici satış əməliyyatı olacaq"- deyə əlavə edib.
Qeyd edək ki, TUSAŞ tərəfindən istehsal edilən 5-ci nəsil döyüş təyyarəsi KAAN ilk uçuşunu 21 fevral 2024-də həyata keçirib. Təyyarə, 3 dəqiqə havada qalaraq 8 min fut hündürlüyə qalxıb.
Haluk Görgün daha əvvəl KAAN-ın 2028-ci ildə envanterə daxil olacağını açıqlayıb. 2034-cü ilə qədər təxminən 500 KAAN, HÜRJET və HÜRKUŞ təyyarəsinin istehsal ediləcəyini bildirib.