BAKI,AzerVoice, Fərid Mikayılov
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bəyan edib ki, əgər beynəlxalq nüvə razılaşmasına yenidən nail olunarsa, Tehran uranın zənginləşdirilmə səviyyəsini 2015-ci il sazişində olduğu kimi 3,67 faizə endirməyə hazırdır.
AzerVoice xəbər verir ki, Bəqai vurğulayıb ki, İran nüvə proqramı ilə bağlı “qanunsuz tələbləri” qəbul etməyəcək.
“Avropalılar Trampın əmrlərini yerinə yetirirlər. Etibarlı tərəfdaş olduqlarını sübut etməyə çalışdılar, lakin indi ABŞ və İsrailin vəkilinə çevriliblər. Bu, məsuliyyətsizlikdir”- deyə o bildirib.
Nazirlik rəsmisi əlavə edib ki, əgər BMT sanksiyaları yenidən tətbiq olunarsa, İran parlamenti Nüvə Silahlarının Yayılmamasına dair Müqavilədən (NPT) çıxışı nəzərdə tutan qanun layihəsini qəbul etməyə hazırdır. Bəqainin sözlərinə görə, bu qərarı hökumət dayandıra bilməz və səlahiyyət tamamilə parlamentə məxsusdur.
Vaşinqton isə İranın uran zənginləşdirmə fəaliyyətlərini tamamilə dayandırmasını istəyir. Tehran isə yalnız öz ərazisində zənginləşdirmə hüququnu tanıyan və qarşılıqlı öhdəlikləri nəzərdə tutan ümumi anlaşma çərçivəsində güzəştə gedəcəyini bildirir.