BAKI, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 5 İyun Dünya Ətraf Mühit Günü münasibətilə yayımladığı mesajında daha yaşıl dünya, daha dayanıqlı həyat tərzi və gələcək nəsillər üçün yaşanılabilir bir ətraf mühit yaratmağın vacibliyini vurğulayıb.
AzerVoice xəbər verir ki, Ərdoğan bildirib ki, bu məsuliyyət kimsənin boynuna yüklənə bilməz və hər kəs öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.
"Təbiətin dili səssiz olsa da, mesajı güclü və açıqdır. Biz ona necə yanaşırıqsa, o da bizə elə cavab verir" - deyə o bildirib.
Ərdoğan iqlim dəyişikliyi, torpaqların sürətlə deqradasiyası, bəzi heyvan növlərinin kütləvi ölümü, ani daşqınlar və torpaq sürüşmələri kimi təbii fəlakətlərin insanın təbiətə qarşı laqeyd münasibətinin nəticəsi olduğunu qeyd edib.
"Yaşanılabilir bir ətraf mühit yaratma məsuliyyətimiz var" deyən Ərdoğan, Dünya Ətraf Mühit Gününün sadəcə maarifləndirmə günü deyil, həm də hər kəs üçün güclü bir çağırış olduğunu vurğulayıb.
Prezident həmçinin bildirib ki, dövlət olaraq təbiətin qorunması və davamlı inkişaf üçün əhəmiyyətli addımlar atırlar.
Ərdoğan mesajının sonunda bütün vətəndaşlara və dünya ictimaiyyətinə müraciət edərək enerji səmərəliliyi, tullantıların idarə olunması, təbiətin qorunması və ətraf mühitə həssas istehlak vərdişlərinin yayılması üçün hər kəsi çağırıb.