BAKI,AzerVoice
Tunis İnsan Haqları Liqasının rəhbəri və bir vəkilin verdiyi məlumata görə, bu gün-cümə günü bir tunisli hakim Facebook-da paylaşdığı yazılara görə prezidentə təhqir və dövlətin təhlükəsizliyinə zərər vurmaq ittihamı ilə bir nəfər barəsində edam hökmü çıxarıb. AzerVoice xəbər verir ki, bu hökm geniş tənqidlərə səbəb olub.
Bu qərar, internetdə ifadə azadlığı sahəsində Tunis üçün görünməmiş dərəcədə sərt və presedenti olmayan bir cəza sayılır. 2021-ci ildən prezident Qeys Səid bütün hakimiyyət qollarının əksəriyyətini ələ aldıqdan sonra, hökumət söz azadlığını boğmaqda ittiham olunur.
Məhbusun vəkili Usama Buləcə, məhkəmədə 56 yaşlı Sabir Şuşanı təmsil edib
“Məhkəməsinin hakimi Sabir barəsində Facebook-da prezident əleyhinə yazdığı paylaşımlara görə edam hökmü çıxarıb. Bu, şok və görünməmiş bir hökmdür.”-deyə o bildirib.
O, həmçinin bu qərardan apellyasiya şikayəti verdiyini açıqlayıb.
Vəkilin sözlərinə görə, Sabir siyasətçi deyil, sadəcə təhsili məhdud bir vətəndaşdır, yalnız prezidentə qarşı yazıları paylaşıb və ya təkrar yayıb.
Tunisdə məhkəmələr zaman-zaman edam cəzaları çıxarsa da, ölkədə edamların icrası 30 ildən artıqdır həyata keçirilmir.
İnsan Haqları Liqasının rəhbəri Bassam Tərifi bildirib ki, hökm çıxaran hakim daha sonra başqa yerə köçürülüb. Bu isə qərarın yenidən nəzərdən keçirilməsi ehtimalına işarədir.
Məhbusun qardaşı Cəmal Şuşan isə deyib ki, : “Biz bu hökmə inana bilmirik. Ailəmiz dərin yoxsulluq içində yaşayır. İndi isə bu yoxsulluğa ədalətsizlik və zülm də əlavə olundu.”
Hadisə dərhal sosial şəbəkələrdə geniş etiraz və istehza doğurub. Fəallar bu hökmü prezidentin tənqidçilərini qorxutmaq cəhdi kimi qiymətləndiriblər. Onlar xəbərdarlıq ediblər ki, bu cür sərt addımlar ifadə azadlığını daha da boğacaq və ölkədəki siyasi gərginliyi dərinləşdirəcək.
2021-ci ildə Qeys Səid seçilmiş parlamenti buraxaraq fərmanlarla idarəetməyə başladıqdan sonra, Tunis hakimiyyəti müstəqil məhkəmə sistemini zəiflətməkdə və mətbuat, söz azadlığını ciddi şəkildə məhdudlaşdırmaqda beynəlxalq təşkilatların artan tənqidlərinə hədəf olub.
Prezident Səid isə təkrarən bu ittihamları rədd edir, “azadlıqlar qanunla qorunur və mən heç vaxt diktator olmayacağam” deyir.