BAKI,AzerVoice, Fərid Mikayılov
Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin sürətli rəqəmsal inkişafını təmin etmək, rəqəmsal bərabərsizliyi aradan qaldırmaq və yeni telekommunikasiya texnologiyalarını tətbiq etmək məqsədilə fərman imzalayıb.
AzerVoice xəbər verir ki, fərmana əsasən, “Qeyri-geostasionar peyk sistemlərindən istifadə üzrə pilot layihə” rəsmi olaraq işə salınır.
Layihə ilk dəfə olaraq Qırğızıstanda peyk sistemləri vasitəsilə internetə çıxış texnologiyasının tətbiqini nəzərdə tutur.
Pilot proqram 2025-ci il 6 oktyabrdan 2026-cı il 5 oktyabradək həyata keçiriləcək. Bu təşəbbüs internetə qoşulmaqda çətinlik çəkən və ya əlaqənin mümkün olmadığı uzaq bölgələrdə yaşayan əhali üçün yeni imkanlar açacaq.
Fərmanın şərtlərinə görə, layihəyə bütün beynəlxalq peyk interneti operatorları qoşula biləcək. Bu yanaşma şəffaf rəqabəti təmin etməklə yanaşı, müxtəlif texnoloji həllərin sınaqdan keçirilməsinə, texniki və hüquqi maneələrin müəyyən edilməsinə və gələcəkdə peyk rabitə sistemlərinin genişmiqyaslı tətbiqi üçün zəmin yaradacaq.
Pilot proqram başa çatdıqdan sonra müvafiq dövlət qurumları test nəticələrini qiymətləndirəcək və ölkə rəhbərliyinə peyk internetinin inkişafı ilə bağlı tövsiyələr təqdim edəcəklər.
Bu layihə Qırğızıstanın rəqəmsal transformasiya strategiyasının mühüm tərkib hissəsi hesab olunur. Keyfiyyətli internetin ən ucqar bölgələrə çatdırılması ölkə vətəndaşlarının həyat keyfiyyətinin yaxşılaşmasına, təhsil, səhiyyə, biznes və dövlət xidmətlərinin inkişafına təkan verəcək.