BAKI,AzerVoice
Xurafatlar arasında ən qədim və ən geniş yayılmış inanclardan biri budur ki, qara pişiyin yolundan keçməsi bədbəxtlik gətirir. Tünd rəngli pişiklər daha sonra Halloween simvollarına da daxil edilib və bu, onların əsassız şəkildə “qorxulu” reputasiya qazanmasına səbəb olub.Bəs qara pişiklərlə uğursuzluq arasında əlaqə haradan və necə yaranıb? Aşağıda Halloween və qara pişiklər haqqında mövcud məlumatlar, həmçinin bu xurafatın günümüzə qədər davam edən təsiri izah olunur.
Qara pişik xurafatlarının mənşəyi
İnsanlarla pişiklərin əlaqəsi dünyanın ən qədim sivilizasiyalarına, xüsusən də pişiklərin dini rəmz sayıldığı qədim Misirə qədər gedib çıxır. Pişiklər həmçinin qədim yunan mifologiyasında da görünür. Sehr, cadugərlik, ay və sehrbazlığın tanrısı olan Hekatenin pişiyi həm ev heyvanı, həm də “familiar” - Avropa folklorunda cadugərə kömək edən fövqəltəbii varlıq - kimi təsvir olunur.
Yazılı mənbələr qara pişiklərin okkultizm və şeytanla əlaqəsini ən azı XIII əsrə bağlayır. 13 iyun 1233-cü ildə Papa IX Qriqori tərəfindən “Vox in Rama” adlı rəsmi kilsə sənədi dərc edilib.
“Bu sənəddə qara pişiklər şeytanın cisimləşməsi kimi elan olunurdu,” - deyə Black Cats Tell All kitabının müəllifi Leyla Morgan Vayld bildirir. - “Bu fərman inkvizisiyanın və kilsə tərəfindən rəsmən təsdiqlənmiş cadugər ovlarının başlanğıcı sayılır. Əvvəlcə Almaniyada artan luciferian hərəkatını boğmaq üçün hazırlanmışdı, lakin çox tez Avropaya yayıldı.”
Pişiklər və cadugərlər - Kilsənin təhdidi
Orta əsr Avropasında pişiklərin şeytanla əlaqələndirilməsi onları cadugərlərlə də ayrılmaz hala gətirdi. Vikka kahinəsi və Broth from the Cauldron kitabının müəllifi Cerridven Fallingstar deyir ki, cadugərlər xristianlıqdan əvvəl Avropada mövcud olan bütpərəst ayinlərin daşıyıcıları idi.
O izah edir ki, Avropada xristian kilsəsi gücləndikcə cadugərləri xalqın qəlbini və düşüncəsini qazanmaq uğrunda rəqib kimi görməyə başladı. Bunun nəticəsində kilsə kütləvi şəkildə cadugərlərin ovunu, təqibini, işgəncəsini və edamını həyata keçirdi.
“Cadugərlər təbiət aləmini şərəfləndirir, bitkilərə və heyvanlara böyük hörmət edirdilər.Bu səbəbdən insan və heyvan arasındakı sevgi bağları ‘şeytani’ kimi qələmə verilməyə başlandı və pişiyi ilə yaşayan yaşlı qadın şübhəli sayıldı” - deyə Fallingstar izah edir.
Kilsə yalnız uydurduğu cadugər–pişik–şeytan əlaqəsindən deyil, eyni zamanda onların təbiətindən də qorxurdu.
“Pişiklər də, cadugərlikdə ittiham olunan qadınlar kimi, hakimiyyətə hörmətsizlik göstərə bilən müstəqil varlıqlardır.Onlar itlər kimi əyilib-yumulmurlar. Kilsə nə müstəqil qadınları, nə də müstəqil heyvanları qəbul edirdi,” – deyə o bildirir.
Zamanla cadugərlərlə pişiklərin əlaqəsi yalnız qara pişiklərə aid edilməyə başlandı. Fallingstar bunun tam səbəbinin bilinmədiyini desə də, ehtimal irəli sürür.
O hesab edirdi ki, “Bəlkə də qara pişiklər gecə görünmədikləri üçün ovda üstün idilər. Cadugərlər isə praktik yanaşmanı sevirdilər.”
Bu qorxu sonradan Atlantik okeanını keçərək Puritan kolonistləri ilə Amerikaya da yayıldı. Toledo Universitetinin professoru Daniel Komporanın sözlərinə görə, “cadugərlərin pişiyə çevrilə bilməsi” düşüncəsi, çox güman, cadugərlikdə ittiham olunan qadınların pişik saxlamasından irəli gəlib.
Orta əsrlərdə pişiklərin “şeytani” hesab edilməsi səbəbilə onları öldürmək geniş yayılan hal idi. Hətta bəziləri pişikləri Qara Taun epidemiyasının yayılmasına səbəb olmaqda günahlandırırdı. Lakin bu düşüncə böyük faciəyə gətirib çıxardı.
“İroniyanın ən qəribə nümunələrindən biri odur ki, pişikləri öldürmək xəstəliyin yayılmasını sürətləndirdi. Çünki pişiklər azalanda siçan və gəmirici populyasiyası sürətlə artdı və taun daha geniş yayıldı,” - deyə Kompora bildirir.
“Qara pişik yolunu kəsdi”
Orta əsr Avropasında şeytanın və cadugərlərin qara pişik formasına girə biləcəyi inancı çox güclü idi. Folklorçu və rəssam Fibi Milleruayt bunu belə izah edir:
“İnsanlar düşünürdülər ki, qara pişik yolunu kəsirsə, bu, cadugərin göndərdiyi bir tapşırıq ola bilər. Eləcə də, qara pişik şeytanın özü də ola bilər. Heç kim şeytanla qarşılaşmaq istəməz - buna görə də qara pişiğin yolu kəsməsi pis əlamət sayılırdı.”
Bu fikir Renessans dövründə də davam etdi. O zaman insanlar qorxu içində kilsəyə qaçır, kahindən özlərinə “qoruyucu dua” etməsini xahiş edirdilər. Kilsə də bu qorxunu qəsdən gücləndirirdi, çünki bundan gəlir əldə olunurdu.
Lakin qara pişiklərin bəxtsizlik gətirdiyi inancı hər yerdə belə deyil. Komporanın sözlərinə görə, bəzi mədəniyyətlərdə qara pişiklər uğur rəmzidir.
“Qədim Misirdə onların Bastet adlı pişik ilahəyə bənzəməsi səbəbilə hörmət edilirdi. Şotlandiya və Yaponiyada isə qara pişiklər bolluq və var-dövlət rəmzi hesab olunur. Deməli, qara pişiklərin xeyirxah, yaxud şər qüvvə kimi qəbul edilməsi tamamilə hansı mədəni inanclara inandığınızdan asılıdır.”