BAKI, AzerVoice
Yeni elmi araşdırma hörümçəklərin mənşəyinə dair mövcud elmi təsəvvürləri dəyişdirə biləcək nəticələr ortaya qoyub.
ABŞ-ın Arizona Universiteti və Böyük Britaniyanın London universitetindən olan tədqiqatçıların “Current Biology” jurnalında dərc olunan araşdırmasına əsasən, müasir hörümçəklərin sələfləri ilkin olaraq dəniz mühitində təkamül keçirmişdir.
Tədqiqatın əsasını Kembri dövrünə (təxminən 540–485 milyon il əvvəl) aid olan və nəsli kəsilmiş Mollisonia symmetrica adlı qədim canlı təşkil edir. Əvvəllər bu növ at nalı xərçənglərinin sələfi sayılan chelicerata qrupuna aid edilmişdi. Lakin fosilin beyin və sinir sisteminə dair son analizlər bu fikri tamamilə dəyişdirib.
Araşdırmanın aparıcı müəllifi, Arizona Universitetinin professoru Nik Strausfeld bildirib ki, Mollisonia növünün sinir sistemi müasir hörümçəklər və əqrəblərlə əhəmiyyətli dərəcədə oxşardır.
“Sanki beynin strukturu tərsinə çevrilib, bu da müasir hörümçəklərdə də müşahidə olunan bir xüsusiyyətdir” – deyə Prof. Strausfeld bildirib.
Araşdırmada qeyd olunur ki, Mollisonia növündən təkamüllə günümüzün hörümçəkləri, əqrəbləri, günəş hörümçəkləri (sun spiders), sirkə böcəkləri (vinegarroons) və qamçı əqrəblər (whip scorpions) kimi müxtəlif araknid növləri yaranıb.
Professor Strausfeld, araknidlərin tam olaraq harada və necə təkamülləşdiyi barədə elmi çevrələrdə hələ də fikir ayrılıqlarının olduğunu bildirib.
Yeni fosil tapıntılar isə hörümçəklərin dəniz mənşəli ola biləcəyi hipotezini gücləndirir.