BAKI, AzerVoice
Yerin gələcəyində “Amasya” adlı yeni superqitə formalaşa bilər.
AzerVoice
xəbər verir ki, Avstraliya və Çin alimləri tərəfindən aparılan
simulyasiya tədqiqatları nəticəsində gələcəkdə Yer kürəsində yeni
superqitənin – Amasyanın yaranacağı proqnozlaşdırılıb.
Alimlərin fikrincə, bu proses 200-300 milyon il ərzində baş verə
bilər.
Curtin Universiteti və Pekin Universitetinin tədqiqatçıları tektonik plitələrin hərəkətini modeləşdirərək Sakit okeanın zamanla bağlanacağını və yeni quru kütləsinin – Amasyanın – formalaşacağını müəyyən ediblər. Bu ad, Amerika və Asiya qitələrinin birləşməsindən yaranacaq superqitəyə istinadla seçilib.
Geoloqların fikrincə, bu transformasiya nəticəsində əvvəlcə Avstraliya Asiya ilə toqquşacaq və sonradan digər qitələrlə birləşərək vahid quru sahəsinə çevriləcək.
Curtin Universitetindən Dr. Çuan Huanq bildirib ki, bu proses “superkontinent dövrü” adlanır və Yer tarixində təxminən hər 600 milyon ildən bir qitələrin birləşməsi baş verir.
Qeyd edək ki, təxminən 200 milyon il əvvəl mövcud qitələrin birləşməsi ilə yaranmış Pangeya adlı superqitə sonradan parçalanaraq bu günkü qitələri formalaşdırmışdı.