Bakı. AzerVoice:
İsrailin Qəzzaya tətbiq etdiyi məhdudiyyətlər aclıq və sağlamlıq problemlərini artırır.
AzerVoice xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Haqları İdarəsi 2022-ci ilin oktyabrından 2023-cü ilin oktyabrına qədər Qəzza, İordan çayının qərb sahili, Şərqi Qüds və İsraildə tərəflər tərəfindən törədilən insan haqları pozuntularına dair hesabat dərc edib.
Hesabatda bu dövrdə bir çox qanunsuz qətllərin, girovların, mülki əmlakın məqsədsiz şəkildə məhv edilməsinin, mülki infrastruktura hücumların, məcburi köçkünlərin, cinsi təcavüz və işgəncələrin baş verdiyi qeyd edilib və bunların hamısının beynəlxalq humanitar hüquqla qadağan edildiyi xatırladılıb.
Qeyd edilib ki, törədilmiş cinayətlərin tam miqyasını müəyyən etmək üçün əlavə araşdırmaya ehtiyac var.
Hesabatda HƏMAS-ın 7 oktyabr 2023-cü il tarixli hücumlarının beynəlxalq hüququ ciddi şəkildə pozduğu, İsrailin sonrakı hərbi hücumları və müharibə metodu seçimlərinin fələstinlilərə böyük əziyyət verdiyi vurğulanıb.
“Qəzzada 56 illik işğal və 16 illik blokada zamanı indiyə qədər baş verən pozuntulara görə bütün tərəflər cavab verməlidir.” – deyə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib.
O bildirib ki, bütün iddia edilən pozuntularla bağlı operativ, müstəqil, qərəzsiz, effektiv və şəffaf araşdırmalar aparılmalıdır.
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.
İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.
Hafiz Rufizoğlu