BAKI, AzerVoice, Nailə Babazadə
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Tamin əl-Xitan bildirib ki, İsrailin Livanla 2024-cü ilin noyabrında əldə etdiyi atəşkəsi pozması nəticəsində 114 mülki şəxs həlak olub.
AzerVoice xəbər verir ki, Əl-Xitan, Anadolu Agentliyinin “İsrail ordusu, atəşkəsə baxmayaraq Livanın cənubundakı dörd qəsəbədə bəzi məntəqələrə hücum təhdidi irəli sürərək, orada yaşayan sakinlərdən ərazini tərk etmələrini istəyib. Bu vəziyyəti necə qiymətləndirirsiniz, İsrailin bu addımını pisləyirsinizmi?” sualını yazılı şəkildə cavablandırıb.
O bildirib ki, BMT Livanın cənub kəndlərinə qarşı həyata keçirilən İsrail hava hücumlarını diqqətlə izləyir. Bu hücumlar nəticəsində 2024-cü ilin noyabrında əldə edilən atəşkəsdən bəri İsrail ordusunun Livanda öldürdüyü mülki şəxslərin sayı 114-ə çatıb.
“Mülki əhali üzərində davam edən ölümcül təsir dərhal dayandırılmalıdır. Livanın cənubundakı sakinlər iki ildən artıqdır ki, qeyri-sabitlik və təhlükəsizliksizlik şəraitində yaşayırlar və bu vəziyyətin sonu görünmür. (Livan və İsrail arasında imzalanmış) Düşmənçiliklərin dayandırılması razılaşmasına və beynəlxalq humanitar hüquqa təcili və tam şəkildə riayət olunmasını tələb edirik.” - deyə Əl-Xitan vurğulayıb.
Xatırladaq ki, İsrail 2023-cü ilin oktyabrında Livana qarşı hücuma başlayıb, 2024-cü ilin sentyabrında isə bu hücumlar genişmiqyaslı müharibəyə çevrilib. Müharibə nəticəsində 4 mindən çox insan həyatını itirib, təxminən 17 min nəfər yaralanıb.
2024-cü ilin noyabrında Hizbullah ilə İsrail arasında əldə edilən atəşkəsə baxmayaraq, İsrailin bu müddət ərzində atəşkəsi 4 min 500-dən çox dəfə pozduğu, bu pozuntular nəticəsində yüzlərlə mülki şəxsin həlak olduğu və yaralandığı bildirilir.
Hazırda İsrail son müharibə zamanı Livanda ələ keçirdiyi beş təpəni hələ də işğal altında saxlayır və onilliklərdir nəzarətində olan bəzi ərazilərdə hərbi mövcudluğunu davam etdirir.