Əsas səhifə » İranın Vurulması Sadə Bir Proses Deyildir

İranın Vurulması Sadə Bir Proses Deyildir

BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

İranın İsrail tərəfindən hərbi hədəf olaraq seçilməsi və vurulması sadə və spontan bir əməliyyat deyil. İran, həm geniş coğrafi əraziyə, həm də böyük demoqrafik və hərbi resurslara malik olmaqla yanaşı, regionda dərinləşmiş proksi şəbəkəsinə sahib bir dövlətdir. Onun Livanda, İraqda, Suriyada və Yəməndəki müttəfiq gücləri, həmçinin raket və dron texnologiyaları bu ölkəni birbaşa hücumlara qarşı nisbətən müqavimətli edir.

Bütün müsahibələrimdə və çıxışlarımda digər bəzi analitiklərdən fərqli olaraq İranın bir gün mütləq vurulacağını, lakin bunun təsadüfi və impulsiv deyil, qurulmuş və planlaşdırılmış bir prosesin nəticəsi olaraq baş verəcəyini qeyd etmişdim. ABŞ-İran arasında keçirilən nüvə danışıqları isə əslində real siyasi iradənin yoxluğu fonunda zaman qazanmaq məqsədli imitasiyalardır. Bu dövrdə İsrailin hava qüvvələrinin və kəşfiyyat aparatının İran ərazisindəki koordinatları, infrastruktur hədəfləri və qərargahları müəyyən etməsi ehtimalı yüksək idi.

Hansı Marşrutdan Hücum Olundu?

İsrailin İranı təxminən 200 hərbi təyyarə ilə vurduğu bildirilir. Lakin bu qədər uzaq məsafədə yerləşən və hava hücumundan müdafiə sistemi ilə təchiz olunmuş bir ölkəyə bu cür hücum yalnız ciddi hava məkanı planlaması və üçüncü ölkələrin iştirakı ilə mümkündür.

Marşrut ehtimalları:

1. İordaniya–İraq xətti (mərkəzi marşrut): Ən real marşrutlardan biri sayılır. Hər iki ölkənin hava məkanının müəyyən dövrlərdə bağlı olması, İsrail təyyarələrinin bu marşrutu istifadə etmə ehtimalını artırır.

2. Səudiyyə Ərəbistanı marşrutu (cənub): Rəsmi əməkdaşlıq mümkün görünməsə də, Səudiyyə ilə İsrail arasında Qərbə yönəlik ortaq maraqlar bu marşrutu da texniki baxımdan mümkün edir.

3. Qırmızı dəniz marşrutu: Bu istiqamət daha uzun məsafəli olsa da, hava məkanına müdaxilə etmədən dəniz üzərindən və neytral sahələrdən keçərək həyata keçirilə bilər. İsrailin dron və raket sistemlərində istifadə etdiyi bu marşrut, siyasi baxımdan ən az problemli olan yoldur.

4. Suriya–Türkiyə marşrutu (şimal): Bu marşrut geosiyasi baxımdan çox risklidir və bir çox analitik tərəfindən ehtimal edilmir.

Regiondakı Dövlətlərin Mövqeyi

Burada əsas suallardan biri budur: Yaxın Şərqdə hansı dövlətlər bu əməliyyata bilavasitə və ya dolayı şəkildə icazə verdi və ya göz yumdu?

Türkiyə, İranla münasibətlərin gərginləşdiyi dövrdə İsrailin marşrutlarından istifadə edilməsinə rəsmi olaraq icazə verməzdi.

Ərəb monarxiyaları isə İranın regional gücündən narahat olduğu üçün İsrailin fəaliyyətlərinə dolayı dəstək verməkdə maraqlı ola bilərlər.

İordaniya və İraq kimi dövlətlərdə isə qərarlar çox vaxt ABŞ-ın bölgə siyasəti ilə üst-üstə düşür.

Beləliklə, region dövlətlərinin xüsusi xidmət orqanları — istər Ərəb monarxiyalarının kəşfiyyatları, istər Türkiyənin MİT-i, istərsə də Qətər, Misir kimi balans siyasəti aparan ölkələr — bu əməliyyatdan müxtəlif səviyyələrdə xəbərdar olmuşlar çox güman .

İranın Cavabı və Məhdudiyyətlər

İranın dərhal və sərt şəkildə cavab verə bilməməsi təsadüfi deyil. Bu vəziyyəti izah edən əsas səbəblər bunlardır:

İsrailin müasir hava hücumundan müdafiə sistemləri (Iron Dome, David's Sling);

ABŞ-ın strateji dəstəyi və bölgədəki hava bazalarının hazır vəziyyətdə saxlanması;

İranın daxili siyasi ziddiyyətlərinin və sosial gərginliyin artması;

İranın proxy qüvvələri vasitəsilə cavab vermək niyyəti, lakin bunun da zaman və koordinasiya tələb etməsi;

Səmada baş verən hücumların əslində quruya keçmədikcə həlledici nəticələr doğurmadığı bölgə təcrübəsindən bəllidir.

Yeni Proses Başladı

Sonda qeyd edilməlidir ki, Yaxın Şərqdə belə proseslər səmada başlayır, torpaqda davam edir və illərlə sürən qarşıdurmaların başlanğıc nöqtəsinə çevrilir. İranın vurulması sadəcə bir hərbi əməliyyat deyil, yeni bir strateji mərhələnin başlanğıcıdır.

Digər Kateqoriyalar

2025 © Azervoice