BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi
İsrailin müdafiə naziri Yisrael Kats bildirib ki, İranın ali lideri Əli Xamenei ABŞ-ın rəhbərliyi ilə İraqa müdaxilə zamanı devrilmiş və sonradan edam edilmiş Səddam Hüseynin taleyini yaşaya bilər.
İsrail ordusu açıqlayıb ki, İranın hərbi rəhbərliyi “qaçmağa çalışır”. Bildirilib ki, ordunun yeni təyin olunmuş qərargah rəisi Əli Şadmani hava zərbələrindən sonra gecə saatlarında qətlə yetirilib. O, bu vəzifəyə cəmi dörd gün əvvəl sələfinin öldürülməsindən sonra gətirilmişdi.
İran rəhbərliyində ağır itkilər
İsrailin hava hücumları nəticəsində 14 iyun tarixindən etibarən bir neçə yüksək vəzifəli hərbçi öldürülüb. Onlar arasında İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ali rəhbərləri – korpusun baş komandanı Hüseyn Salami, raket proqramına rəhbərlik edən Aerokosmik Qüvvələrin başçısı Əmir Əli Hacızadə və SEPAH-ın kəşfiyyat rəhbəri Məhəmməd Kazımi də var.
Mənbələrin verdiyi məlumata görə, öldürülən şəxslər Xameneinin məxfi qərar qəbuletmə çevrəsinin üzvləri olublar. Bu çevrə 15–20 nəfər SEPAH komandiri, dini və siyasi xadimdən ibarətdir və strateji məsələlərlə bağlı Tehrandakı iqamətgahda görüşlər üçün dəvət alırlar. Müzakirələrə ancaq Xameneinin dəvəti ilə qatılmaq mümkündür və üzvlərin hamısı ona dərin sədaqət nümayiş etdirir.
Xameneinin qərar vermə prosesi
Bu görüşlərdə iştirak edən mənbələr bildirir ki, Xamenei bütün əsas qərarları şəxsən qəbul edir, amma məsləhətləşmələrə əhəmiyyət verir və tez-tez əlavə məlumat tələb edir. Mənbələrin sözlərinə görə, İsrailin hava hücumlarından salamat qalan müşavirlər – xüsusilə siyasi, iqtisadi və diplomatik sahədə çalışanlar – hələ də əhəmiyyətli rol oynayırlar.
İki ayrı mənbənin iddiasına görə, Xamenei həmin müşavirlərə yeni yaranan məsələlərin idarəsini həvalə edir və bununla da onun təsiri İranın siyasi, hərbi, təhlükəsizlik, mədəniyyət və iqtisadi strukturlarına birbaşa yayılır.
Mənbələr qeyd edir ki, bu idarəçilik üsulu seçkilə gəlmiş prezidentin formal rəhbəri olduğu qurumlarda belə Xameneinin ofisinin əsas icraedici qüvvə kimi fəaliyyət göstərməsinə səbəb olur. Beləliklə, ofis təkcə dövlətin əsas məsələlərinə deyil, kiçik təşəbbüslərin də icrasına nəzarət edir.
İsrailin strategiyası: Xameneini tək buraxmaq
İsrailin son qətlləri Xameneinin ətrafında olan çevrəni ciddi şəkildə daraldıb və onu getdikcə daha da tək buraxıb.
Mənbələr bildirir ki, Xameneinin ofisinin siyasi təhlükəsizlik məsələləri üzrə müavini Əli Əsğər Hicazi xüsusi önəmli qərarlarda iştirak edir və o, ölkənin “ən güclü kəşfiyyatçı fiquru” hesab olunur.
Eyni zamanda, Xameneinin administrasiya rəhbəri Məhəmməd Kəlbayiqani, keçmiş xarici işlər nazirləri Əli Əkbər Vilayəti və Kamal Xərrazi, eləcə də sabiq parlament sədri Əli Laricani diplomatik və daxili siyasət məsələlərində – xüsusən də nüvə danışıqlarında – hələ də onun etibarlı şəxsləri sayılırlar.
SEPAH-ın rəhbərliyində boşluq
Bununla belə, SEPAH rəhbərliyinin itirilməsi İranın hərbi strukturunda ciddi boşluq yaradıb. Xamenei 1989-cu ildə ali lider olduqdan sonra bu qurumu ölkənin təhlükəsizliyi və regional strategiyasının mərkəzinə yerləşdirmişdi.
Əgər ölkənin rəsmi ordusu prezidentin nəzarətində olan Müdafiə Nazirliyinə tabe olursa, SEPAH yalnız Xameneiyə hesabat verir və ən yüksək səviyyəli hərbi texnika ilə təchiz olunur. Qurumun komandanları həmçinin dövlətin əsas icraedici sahələrində mühüm vəzifələr daşıyır.