BAKI, AzerVoice
ABŞ hücum edərsə, cavab verəcəyik.
AzerVoice xəbər verir ki, İranın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi, səfir Əli Bəhreyni, əgər ABŞ-ın İrana qarşı hücumlarda birbaşa iştirak etdiyini açıqlayarsa, cavab verəcəklərini açıqlayıb.
Bəhreyni bu fikri BMT-nin Cenevrə ofisində Akkreditə olunmuş Mətbuat Üzvləri Assosiasiyasının (ACANU) jurnalistləri ilə görüşündə bildirib. O, İsrailin iyunun 13-dən başlayaraq İrana qarşı təşkil etdiyi hücumların mülki əhali, qadınlar, uşaqlar və infrastruktur obyektlərini hədəf aldığını, nəticədə çox sayda günahsız insanın həlak olduğunu vurğulayıb.
İranlı diplomat İsrailin bu hücumlarla beynəlxalq hüquq normalarını və insan haqlarını pozduğunu, Tehranın isə bu təcavüzlərə cavab verməkdə qərarlı olduğunu bildirib. O, Qərb ölkələrinin, xüsusilə ABŞ-ın İsrailə hərbi və maddi dəstəyini də sərt şəkildə tənqid edib.
“İsrail ABŞ olmadan bu hücumları həyata keçirə bilməz. Əgər ABŞ-ın hücumlarda birbaşa iştirakı təsbit olunarsa, cavabımız sərt olacaq”, – deyə Bəhreyni xəbərdarlıq edib.
O, eyni zamanda BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların bu prosesə təsir edə bilmədiyini, nəticədə öz funksiyalarını itirdiklərini söyləyib.
İranın nüvə proqramının dinc məqsəd daşıdığını bir daha bəyan edən Bəhreyni, ABŞ prezidenti Donald Trampın son bəyanatlarını məsuliyyətsiz və balanssız adlandırıb, Vaşinqtonun İrana qarşı 40 ildir düşmənçilik siyasəti apardığını qeyd edib.
Qeyd edək ki, İran rəsmiləri son həftələrdə bölgədəki gərginliyin artmasından sonra ABŞ və İsrailin mövqelərini diqqətlə izlədiklərini bəyan ediblər.