Əsas səhifə » İstanbul Hava Limanı qlobal bağlantıda lider olub

İstanbul Hava Limanı qlobal bağlantıda lider olub

BAKI, AzerVoice

İstanbul Hava Limanı qlobal bağlantıda dünya lideri olub.

AzerVoice xəbər verir ki, Beynəlxalq Hava Limanları Şurası (ACI EUROPE) tərəfindən yayımlanan “2025 Hava Limanı Sənayesi Bağlantısı Hesabatı”na əsasən, İstanbul Hava Limanı qlobal bağlantı göstəricilərinə görə dünya lideri seçilib.

Bu nəticə ilə İstanbul Hava Limanı illərdir siyahının zirvəsində olan Frankfurt Hava Limanını geridə qoyub.

İGA-nın açıqlamasında bildirilib ki, İstanbul Hava Limanı 2019-cu illə müqayisədə qlobal bağlantılarını 59 faiz artıraraq lider mövqeyinə yüksəlib. Qlobal reytinqdə İstanbuldan sonra Dallas Fort Worth və Frankfurt hava limanları qərarlaşıb. Dallas Fort Worth bu müddətdə bağlantı göstəricilərində 21 faizlik azalma yaşayıb.

Hesabatda qeyd olunur ki, İstanbul Hava Limanı 2024-cü ildə olduğu kimi bu il də Avropada “birbaşa əlaqə” sahəsində birinci yerdədir. Pandemiyadan əvvəl beşinci yerdə qərarlaşan hava limanı, birbaşa bağlantılarını 13 faiz artıraraq Avropanın ən birbaşa uçuş həyata keçirən limanına çevrilib.

İGA-nın baş icraçı direktoru Səlahəddin Bilgen, İstanbulun qlobal aviasiya xəritəsində strateji mövqeyini daha da gücləndirdiyini qeyd edib. “Strateji investisiyalarımız və sərnişin təcrübəsinə önəm verən xidmət anlayışımızla İstanbulu qlobal bir transfer mərkəzinə çevirdik. Bu nailiyyət yalnız hava limanımız üçün deyil, Türkiyə üçün də böyük qürur mənbəyidir”- deyə o bildirib.

Qeyd edək ki, İstanbul Hava Limanı həm birbaşa, həm də tranzit uçuşlar baxımından dünya üzrə hava yolları şəbəkəsində əsas körpü rolunu oynamağa davam edir.

Digər Kateqoriyalar

2025 © Azervoice