BAKI, AzerVoice
İranla sərhəddə təhlükəsizlik tədbirləri gücləndirilir.
AzerVoice xəbər verir ki, Türkiyənin
milli müdafiə naziri Yaşar Gülər qonşu İranda baş verən son
hadisələrlə əlaqədar olaraq sərhəd xəttində təhlükəsizlik
tədbirlərinin artırıldığını bildirib.
Nazir bu açıqlamanı Van bölgəsindəki 6-cı Sərhəd Briqadasına səfəri
zamanı verib.
Səfər çərçivəsində Baş Qərargah rəisi ordu generalı Metin Gürak və digər yüksək rütbəli hərbi rəhbərlərlə birgə 4-cü Sərhəd Taburu Komandanlığında yoxlamalar aparılıb. Daha sonra 3-cü Ordu Komandanlığı ilə video-konfrans keçirilib və bölgədəki təhlükəsizlik durumu qiymətləndirilib.
Nazir Gülər bildirib ki, İsrailin İrana qarşı həyata keçirdiyi son hücumlar bölgədə gərginliyi artırıb və Türkiyə bu prosesləri yaxından izləyir. Onun sözlərinə görə, ölkənin təhlükəsizliyinə yönəlmiş istənilən riski neytrallaşdırmaq üçün sərhədlərdə əlavə tədbirlər görülür.
“Terrorla mübarizədə əldə etdiyimiz uğurlarla yanaşı, sərhədlərimizin təhlükəsizliyini yeni risklərə uyğun şəkildə daim təkmilləşdiririk. Bu il yalnız sərhəd keçməyə çalışan 38 min 835 nəfərin qarşısı alınıb, 83 terrorçu və 2 min 664 qeyri-qanuni miqrant saxlanılıb,” – deyə nazir vurğulayıb.
O, həmçinin Türkiyənin müdafiə sənayesində atdığı yerli və milli addımlarla “Türkiyə əsri” hədəflərinə doğru strateji irəliləyiş etdiyini bildirib. Nazirə görə, milli döyüş təyyarəsi KAAN və digər texnoloji layihələr ölkənin müdafiə qabiliyyətini yeni mərhələyə daşıyacaq.
Qeyd edək ki, Türkiyə sərhəd xəttində 8 sərhəd briqadası və 60 minə yaxın şəxsi heyətlə təhlükəsizlik tədbirlərini davam etdirir.