Əsas səhifə » İsrailin İrana qarşı hava hücumlarında hansı qırıcılar istifadə olunub?

İsrailin İrana qarşı hava hücumlarında hansı qırıcılar istifadə olunub?

BAKI,AzerVoice Analitik Trəhlil Mərkəzi

İsrail ordusu cümə günü İranda yerləşən bir neçə nüvə obyektini hədəfə almaq üçün hava qüvvələrindən istifadə edib. Bu hücumlarda F-15, F-16 və F-35 tipli qırıcı təyyarələrdən istifadə olunub.

İsraillə İran arasında gərginlik və qarşılıqlı təhdidlər son günlərdə daha da artıb. Cümə axşamı gecəsi İsrail ordusu İranın hərbi və nüvə obyektlərini bombalayıb. Təl-Əviv, Tehranın nüvə silahı əldə etməyə çalışdığını iddia edib.

İsrail ordusunun sözçüsü Efi Dəvrin yerli vaxtla səhər saat 8-də yayımladığı açıqlamada bildirib: “Pilotlarımız müxtəlif bölgələrdə hərbi və nüvə proqramı ilə əlaqəli hədəfləri vurublar və vurmaya davam edirlər.” “Yüksələn Aslan” adlanan əməliyyat cümə səhəri də davam edirdi.

İrana qarşı bu hücumlar üçün İsrail hava qüvvələrini işə saldı. Ordunun sosial şəbəkə platforması “X” üzərindən paylaşdığı foto və videolarda F-15, F-16 və F-35 tipli təyyarələrin istifadə edildiyi açıq şəkildə görünür.

Fransanın “Le Parisien” qəzetinə danışan keçmiş hərbi pilot və müdafiə eksperti Ksavye Teytelman deyir: “Onların bu üç model təyyarəsi var.” Onun sözlərinə görə, bu təyyarələr havada yanacaqla təmin edən və radarla müşayiət olunan sistemlər tərəfindən dəstəklənir.

İsrailin hava qüvvələrinin 60 faizi istifadə olunub

İsrail bu hücumlar üçün 200 qırıcı təyyarədən istifadə edib və təxminən 100 hədəf vurulub. ABŞ-ın “CNN” telekanalının “Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS)” tərəfindən nəşr olunan “2025-ci il üçün Hərbi Balans” hesabatına istinadən verdiyi məlumata görə, bu rəqəm İsrailin döyüş qabiliyyətli təyyarələrinin 60 faizini təşkil edir.

Həmin hesabatda qeyd edilir ki, İsrailin 39 ədəd F-35, 75 ədəd F-15 və 200-ə yaxın F-16 təyyarəsi mövcuddur.

“Bu qədər sayda təyyarəni eyni anda havaya qaldırmaq həm texniki, həm də logistik baxımdan əməliyyat uğurudur.Adətən təyyarə parkının üçdə biri daima istismarda olmur – texniki xidmət, modernizasiya və nasazlıqlara görə. Əgər bu hücum üçün donanmanın üçdə ikisini havaya qaldırmaq mümkün olubsa, demək olar ki, ölkənin bütün imkanları bu əməliyyata cəlb olunub. Bu, olduqca böyük göstəricidir.”-deyə Ksavye Teytelman bildirib.

Ksavye Teytelmanın sözlərinə görə, havaya qalxdıqdan sonra F-35-lər düşmənin hava müdafiəsini yararaq hədəfləri içəridən bombalaya bilir. Onların əsas funksiyası İranın radar və hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaqdır – yəni Tehranın İsrail hava qüvvələrinə cavab verməsini mümkün edən istənilən sistemi hədəfə almaqdır.

F-15 təyyarələri “bomba daşıyıcı” rolunu oynayır və İran hədəflərinə kütləvi zərbələr endirir. F-16 isə həm çoxməqsədli döyüş təyyarəsi, həm də manevr qabiliyyətinə malik qırıcısı kimi istifadə olunur. ABŞ Hərbi Hava Qüvvələrinin təsvirinə əsasən, F-16 “bütün hava şəraitlərində hədəf təyini edə bilir və alçaq hündürlükdə uçan digər təyyarələri aşkarlaya bilir”.

Digər Kateqoriyalar

2025 © Azervoice