Əsas səhifə » Dövlət təmkini: Rasional Təsisatın Mahiyyəti

Dövlət təmkini: Rasional Təsisatın Mahiyyəti

Bakı,AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Müasir ictimai-siyasi düşüncədə “dövlət” anlayışı sadəcə hüquqi və inzibati bir qurum olmaqdan çox, cəmiyyətin təşkili və idarə olunması baxımından əsas dayaqlardan biri kimi qəbul edilir. Dövlət, tarix boyunca müxtəlif formalarda mövcud olmuş, dəyişmiş, çevrilmiş, lakin funksional mahiyyəti baxımından sabit qalmış bir strukturdur. O, insan cəmiyyətinin hələ ki, ən ali və ən sistemli təşkili formasıdır.

Dövlətin əsas funksiyası, ictimai həyatın müxtəlif sahələrində sabitliyin və təhlükəsizliyin təmin olunmasıdır. Bu funksiyalar hüquq müstəvisində, qanunvericilik və inzibati idarəetmə mexanizmləri vasitəsilə həyata keçirilir. Burada diqqətəlayiq məqam ondan ibarətdir ki, dövlət mahiyyət etibarilə rasional bir qurumdur. Yəni onun fəaliyyəti hisslər və emosiyalarla deyil, hüquqi normativ baza və strateji idarəetmə prinsipləri ilə tənzimlənir.

Bəzən vətəndaşların dövlətdən "duyğusal cavablar" gözləməsi müşahidə olunur. Bu yanaşma, dövlətin mahiyyətinin anlaşılmamasından irəli gəlir. Dövlət bir şəxs deyil ki, sevinsin, kədərlənsin, qəzəblənsin və ya bağışlasın. Dövlətin məqsədi hər bir fərdin və qrupun təhlükəsizliyini, rifahını, hüquqlarını və azadlıqlarını təmin etməkdir. Bu isə ancaq və ancaq obyektiv və prinsipial idarəetmə ilə mümkün ola bilər. Dövlətə duyğu yükləmək, ondan emosional reaksiya gözləmək, nəticə etibarilə onun funksional mahiyyətini təhrif etməkdir.

Bununla yanaşı, dövlət fəaliyyətində xalqın kimliyi, tarixi yaddaşı və mədəni-mental dəyərləri nəzərə alınmalıdır. Bu amillər dövləti cəmiyyətə yaxınlaşdıran, idarəetməni sosial reallıqlara uyğunlaşdıran əsas komponentlərdir. Lakin bu nəzərəalma prosesi heç vaxt dövlətin ideoloji bir quruma çevrilməsi ilə nəticələnməməlidir. Dövlət, hər hansı bir ideoloji çərçivənin deyil, bütün cəmiyyətin ortaq mənafelərinin təmsilçisidir. O, fərqli dünyagörüşlərinin, sosial təbəqələrin və mədəni kimliklərin razılaşa bildiyi ortaq zəmində fəaliyyət göstərməlidir.

Dövlətin təmkini də məhz bu nöqtədə ortaya çıxır: onun tərəfsizliyi, obyektivliyi və prinsipiallığı. Dövlət öz mövcudluğunu bu təmkin üzərindən legitimləşdirir. Bu təmkin, həm də onun uzunömürlülüyünün və davamlılığının əsas təminatıdır. Əgər vətəndaş-dövlət münasibəti emosional deyil, rasional zəmin üzərində qurularsa, bu zaman həm ictimai etimad güclənər, həm də idarəetmə sistemləri daha effektiv işləyər.

Beləliklə, dövlət nə sevən, nə inciyən, nə də bağışlayan varlıqdır. O, qoruyan, tənzimləyən və nizamlayan bir struktur olaraq, yalnız cəmiyyətin ortaq iradəsi və hüquqi əsaslar üzərində fəaliyyət göstərir. Vətəndaşın məsuliyyəti isə bu reallığı dərk etmək və dövlətdən şəxsi ideoloji gözləntilər deyil, ümummilli rifahın təmin olunmasını tələb etməkdir.

Digər Kateqoriyalar

2025 © Azervoice