BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
1972-ci ildə, Hafiz Əsədin Suriyada hakimiyyətə gəlməsindən iki il sonra, yəhudi icmasının bir nümayəndə heyəti Baş nazirin ofisinə – general Əbdürrəhman Xəlifavinin yanına gəldi. Onlardan ehtiyaclarının nə olduğu soruşulduqda, belə cavab verdilər: “Biz Ərəb Sosialist Bəəs Partiyasına üzv olmaq istəyirik”. Xəlifavi bu qəribə və gözlənilməz istəkdən heyrətə gəldi və səbəbini soruşdu. Onlardan biri belə cavab verdi: “Niyə olmasın? Axı biz suriyalı vətəndaş deyilikmi? Hakim partiyaya üzv olmağımıza hər hansı hüquqi və ya konstitusion maneə varmı?”. Xəlifavi “xeyr” deyə cavab verdi və Hafiz Əsədlə məsləhətləşmək üçün vaxt istədi. Lakin Əsəd bu istəyə qəti şəkildə “yox” dedi.
Əslində, yəhudilər Bəəs Partiyasına üzv olmaq istəmirdilər, sadəcə Suriya hakimiyyəti qarşısında “biz də digər azlıqlar – xristianlar, druzlar və şiələr kimi suriyalı vətəndaşlarıq” demək istəyirdilər. Məqsəd, Suriyada vətəndaşlıq hüquqlarını təsdiqləmək idi.
Bu gün Dəməşq yəhudiləri mövzusu yenidən gündəmə gəlib. 2023-cü il dekabrın 8-də Bəşar Əsəd rejiminin süqutundan sonra bir neçə suriyalı yəhudi vətənlərinə qayıtdı və Suriyanın xarici işlər naziri Əsəd Şeybani ilə ABŞ-a etdiyi son səfəri zamanı görüşdülər. 2024-cü ilin fevralında ABŞ-da yaşayan suriyalı yəhudilərin ravvini Yusif Hamra Dəməşqə səfər etdi, qədim şəhərin yəhudilər məhəlləsini ziyarət etdi. 29 aprel tarixində isə xaricdə yaşayan yəhudilərdən ibarət nümayəndə heyəti XV əsrin sonlarında İspaniyada baş vermiş təqiblərdən qaçan yəhudilər tərəfindən qurulmuş “İfrənc” sinaqoqunu açdılar. Onlar onilliklərdən sonra orada ilk dəfə dua etdilər və bu gün yəhudi məhəlləsindəki evlərini geri qaytarmaq prosesinə başlayıblar. Bu evlər bir vaxtlar Dəməşqin ən gözəl və dəbdəbəli evləri hesab olunurdu.
Yəhudilər 1990-cı illərdə şəhərlərini tərk etdikdən sonra bu evləri nə satdılar, nə də kirayəyə verdilər. Onlar onillər boyu bağlı qaldı, yalnız 2011-ci ildə Suriya inqilabı başlayanda rejim bu evləri zorla açdı və məcburi köçkünləri oraya yerləşdirdi.
Əsədin hakimiyyəti illərində yəhudi məhəlləsinə tədqiqatçılar, jurnalistlər və maraqlanan şəxslərin daxil olması üçün “Fələstin şöbəsi”ndən xüsusi icazə alınmalı idi. Onlara, məsələn, Cobar sinaqoqunun və digər yəhudi mülklərinin məruz qaldığı dağıntıları çəkməyə icazə verilmirdi.
Hazırda Suriyada neçə nəfər yəhudinin qaldığına dair dəqiq və
dolğun cavab verən yoxdur. Bəzi mənbələr onların yalnız doqquz
yaşlı şəxsdən ibarət olduğunu iddia edir. Digərləri isə saylarının
17–20 nəfər arasında olduğunu bildirir. Bu insanlar ən çətin
dövrlərdə belə Suriyanı tərk etmədilər, iqtisadi böhrana, ərzaq
qıtlığına, elektrik kəsintilərinə, təkrarlanan İsrail
bombardmanlarına dözdülər. Halbuki 2011-ci ildən sonra dünyanın
istənilən ölkəsinə sığınmaq imkanları var idi.
Birinci Dünya Müharibəsinin sonunda yəhudi
icması
1918-ci ilin dekabrında, Osmanlı ordusunun sonuncu əsgərinin Dəməşqi tərk etməsindən iki ay sonra, şəhərə Dünya Yəhudi Agentliyinin nümayəndə heyəti gəldi. Heyətə misirli Jak əl-Musiri və Qüds bələdiyyə sədrinin müavini Davud Yelin daxil idi. Səfərin məqsədi şəhərdəki yəhudilərin vəziyyətini yerində araşdırmaq, onların sionist ideologiyaya münasibətini öyrənmək, qədim Dəməşq şəhərində agentliyin fəaliyyət göstərəcəyi bir ofisin açılmasının mümkünlüyünü qiymətləndirmək və icmanın nüfuzlu nümayəndələri ilə birbaşa əlaqə quraraq daməşq cəmiyyətinə nüfuz etmək idi.
O dövrdə Dəməşq hələ də Birinci Dünya Müharibəsinin ağır fəsadlarını yaşayırdı – aclıq, qorxu və xaos hökm sürürdü. Şəhərin yeni hakimi, əmir Feysəl ibn Hüseyn, dörd əsrdən artıq Osmanlı idarəsindən sonra burada ərəblərin hakimiyyətini qurmağa can atırdı. O, müsəlmanların, xristianların və yəhudilərin qanun qarşısında bərabər hüquqlara və vəzifələrə sahib olduğu bir sistemin əsasını qoymaq istəyirdi. Onun dövründə yəhudilərə orduya daxil olmağa icazə verildi və daməşqli yəhudi taciri Yusif Linado Suriya tarixində ilk qanunverici orqan olan Ümumi Suriya Konqresində öz icmasının nümayəndəsi olaraq iştirak etdi. Həmçinin, 1920-ci il 8 mart tarixində Feysəl kral olarkən yəhudi hahamı Dəməşqin müftisi və xristian patriarxlarla birlikdə onun yanında durdu.
Bu yəhudi dini liderinin adı Yaqub Danon idi. O, Qüdsdə doğulmuşdu və səkkiz il əvvəl İstanbul hahamı Moşe Levi tərəfindən Daməşq üçün baş haham təyin edilmişdi. Yaqub Danon öz camaatının mənafelərinə sadiq idi və onların iqtisadi və yaşayış vəziyyətinin pisləşməsindən narahatlıq keçirirdi. O, şəhərə gələn yəhudi nümayəndə heyətindən daməşqli yəhudi yetimlər üçün geyim və məktəb ləvazimatları almaq, eləcə də İfrənc sinaqoqunun bərpası məqsədilə 600 Misir funtu məbləğində maliyyə yardımı qəbul etdi.
Sosial vəziyyət
O dövrdə Dəməşqdə yaşayan yəhudilərin sayı şəhərin 300 minlik əhalisi içərisində 15 min nəfəri keçmirdi. 1918-ci ilin sonunda doktor Xayim Vayzmana təqdim etdikləri hesabatda Yaqub əl-Musiri və Davud Yelin qeyd edirdilər ki, "bu şəhərdə heç bir Qərbli yəhudi", yəni Aşkenaz yoxdur və şəhərin bütün yəhudiləri şərqli mizrahi yəhudilərindən ibarətdir. Onların az bir hissəsi isə Sefardilərdir – XV və XVI əsrlərdə İspaniya və Portuqaliyadan qovulan, daha sonra Aralıq dənizi hövzəsində məskunlaşan yəhudilər. Onların bir hissəsi Dəməşqin şərqindəki Yəhudilər məhəlləsinə və şəhərin şimal-şərqindəki Cobar kəndinə yerləşmişdi, bir qismi isə Suriyanın şimalındakı Hələb və şimal-şərqindəki Qamışlı şəhərlərinə yayılmışdı.
XX əsrin əvvəllərində Şam yəhudilərinin ən məşhur məktəbi Yəhudilər məhəlləsində, Şagur məhəlləsinin kəsişməsində yerləşən "Alliance" məktəbi idi. Bu məktəb yüksək keyfiyyətli tədris proqramı və nümunəvi müəllim heyəti ilə tanınırdı. Lakin Birinci Dünya Müharibəsi illərində Osmanlı IV ordusunun komandanı Camal Paşanın əmri ilə bu məktəb bağlandı. Sadəcə "Alliance qızlar məktəbi" açıq qaldı – bu da məktəbin direktoru Oqustin Hayamovun Camal Paşaya yalvarması nəticəsində mümkün olmuşdu. Vəba və xolera kimi yoluxucu xəstəliklərin yayılması səbəbindən Camal Paşa Dəməşqdə qalan digər ivrit məktəblərinin də hamısını bağladı. Nəticədə yüzlərlə yəhudi şagirdi küçələrə səpələndi, yemək və iş axtarışına çıxdı. Beləcə, əvvəllər müasir bankçılıq sisteminə malik olan – məsələn, Dəməşq qalasının arxasında yerləşən Zəlixa Bankı, müasir məktəbləri, keyfiyyətli məhsulları və bacarıqlı sənətkarları ilə tanınan bu kiçik icma yoxsulluq və savadsızlıqla assosiasiya olunmağa başladı.
Bu icma yaxın keçmişdəki var-dövləti ilə Dəməşqin ən gözəl və ən dəbdəbəli saraylarına sahib idi, Osmanlı dövlətinin yüksək rütbəli zabit və məmurlarını qızıl sikkələrlə rüşvətə alışdırırdı. Bu sikkələrin üzərində "MəşəAllah kan" (Allahın istədiyi baş verər) ifadəsi yazılırdı.
Camal Paşa bir neçə qərar qəbul etdi – bu qərarlara əsasən yəhudi mühacirlərin icazələrinin yenilənməsi qadağan edildi, ivrit dilində toponimlərin verilməsi yasaqlandı. 1916-cı ilin sentyabr ayında Yafadan Sionist Agentliyin nümayəndəsi Artur Rubin deportasiya edilərkən, o Camal Paşaya “Ümid edirəm, yenidən görüşərik, cənab paşa” dedi. Camal cavab verdi: “Ola bilər, amma Almaniyada, burda yox!”
Hətta müharibədən əvvəl də yəhudi icması yaxşı durumda deyildi – çünki XX əsrin ilk onilliyində azı 1500 gənc, yəni ümumi sayın 10%-i daha yaxşı gələcək ümidi ilə Misirə və ya Avropaya köç etmişdi. Sonra Birinci Dünya Müharibəsinin alovu onların qalan əmlakını və sərvətlərini məhv etdi.
Bu səbəbdən haham Yaqub Danon öz icması üçün maddi yardım istəyərək Yafada olan alman əsilli sionist, Sionist Agentliyin nümayəndəsi doktor Artur Rubinə müraciət etdi. Rubin ABŞ-dan Yaxın Şərq yəhudilərinə göndərilən yardımların bölgüsü ilə məsul şəxs idi. Lakin Danonun müraciəti rədd edildi. Çünki onun icması inanc və təşkilatlanma baxımından sionist layihədən uzaq idi və bu səbəbdən – Agentliyin ifadəsi ilə – Amerika sionistlərindən maddi yardım almağa layiq deyildilər.
Bundan sonra haham Danon ABŞ-ın İstanbuldakı səfiri Henri Morqentaudan (özü də yəhudi idi) yardım istədi. O, Nyu-York şəhərindən Fələstinli yəhudilərə göndərilən 50 min ABŞ dolları barədə məlumat aldıqdan sonra eyni istəklə ona da müraciət etdi. Lakin bu müraciət də rədd edildi. Məqsəd Dəməşq yəhudilərini daha da kasıblaşdırmaq, əzmək və məhrumiyyət içində qoymaq idi ki, 1918-ci ilin həmin qışında onların evlərinə qədər gəlib çıxan sionist hərəkatdan başqa əl uzadan heç kim qalmasın və onlar bu hərəkata möhtac qalsınlar. Lakin bu yardımlar müəyyən siyasi şərtlər qarşılığında təklif olunurdu.
Dəməşq yəhudiləri sionist hərəkatı rədd edirlər
XIX əsrin son rübündə yəhudilərin Fələstinə köçü artıq başlamışdı. 1882-ci ildə oradakı yəhudilərin sayı 23 min olduğu halda, 1914-cü ilin sonuna bu rəqəm 85 minə çatmışdı. Lakin həmin il Birinci Dünya Müharibəsinin başlanması ilə köç qapıları bağlandı və Osmanlı hakimiyyəti Fələstindəki yəhudi fəalları – istər köç etmişlər, istərsə də yerli sakinlər – izləməyə başladı. Səbəb, onların İngilislərlə əlaqədə ola biləcəkləri qorxusu idi.
Müharibənin ilk üç ili ərzində Fələstindən Dəməşqə ən azı iki min yəhudi miqrant gəldi. Onların əksəriyyəti Aşkenaz mənşəli idi – amerikalılar və ya avropalılar. Bu şəxslər Fələstin kənd və şəhərlərində müəllim, jurnalist və ya həkim kimi çalışırdılar. Nə ərəbcə bilirdilər, nə də Osmanlı vətəndaşlığına sahib idilər.
Dəməşqdəki yəhudi cəmiyyəti onları soyuqluqla qarşıladı. Yəhudilərə məxsus daşınmaz əmlak sahibləri onlara Yəhudi məhəlləsində ev verməkdən imtina etdilər və kirayə haqlarını qəsdən qaldırdılar. Farhi, Tottah və Linado kimi Dəməşqin zəngin yəhudi ailələri isə onların xeyriyyə layihələrinə ianə verməkdən çəkindilər, çünki bu təşəbbüslərin sionist hərəkatla əlaqəli ola biləcəyindən ehtiyat edirdilər.
Bu sərt münasibət yəhudi miqrantları üçün dərin təsir yaratdı. Onlardan biri – 1918-ci ilin sonunda Dəməşqə gələn sionist komitənin üzvü Davud Yelin özü idi. O, Dəməşqdə keçirdiyi məcburi və qısa müddətli yaşayış zamanı özü və digər avropalı yəhudilərin yaşadıqları əzabları unutmadı. Belə deyirdi: “Bizim yaşadıqlarımız onları (yəni Şam yəhudilərini) maraqlandırmırdı. Onlar nə fədakarlıq etməyi bilirlər, nə yadlara sevgi bəsləyirlər, nə də onlara etibar edirlər.”
İshaq Livni adlı digər avropalı yəhudi də müharibə zamanı Dəməşqdə sürgün həyatı yaşamışdı. O, İngilislər üçün casusluqda ittiham edilərək həbs olunmuşdu. Livni belə deyirdi: “Həbsdə olduğumuz müddətdə şəhərin yəhudilərindən nə bir xilaskar, nə də bir yardımçı gəldi. Görünür, bu yer – Dəməşq – hamımızın məzarı olacaq.”
Feysəl dövründə yəhudilərin vəziyyəti (1918–1920)
Davud Yelin Dəməşqə qayıtdıqda bütün bu duyğuları xatırladı və istehza ilə belə şərh etdi ki, şəhər artıq “qocalar yurduna çevrilib”, çünki Şam yəhudilərindən geriyə qalanlar “qəbirin astanasında olanlar” idi. O əlavə edirdi: “Yəhudilər məhəlləsində yalnız bir sinaqoq qalıb – o da yoxsul və baxımsız vəziyyətdədir. Orada cəmi bir aptek var, o da on beş il əvvəl açılıb və təəssüf ki, sahibi yəhudi deyil.”
Avropadakı Yəhudi Agentliyi ofislərinə Şam yəhudiləri və onların durumu haqqında göndərilən bütün hesabatlarda diqqət əsasən yoxsulluq vəziyyətinə yönəlmişdi. Halbuki icmanın zəngin üzvlərinin ticarət və ictimai həyatda oynadığı rol və onların suriyalı kimliklərinə bağlılıqları bu hesabatlarda qeyd olunmurdu.
Yəhudi nümayəndə heyəti Dəməşqdə tam bir həftə qaldı, bir sıra məhəllə və bazarları ziyarət etdi, Dəməşq Yəhudi İcması Şurasının üzvləri ilə görüşdü. Bu şəxslər arasında Musa Davud Tottah, Yusif əl-Əbadi, Yusif Linado, Yusif Farhi, Musa Mavvas və Natan Qataş vardı. Onların hamısı “Biz yəhudidən əvvəl daməşqliyik” deyərək Yəhudi Agentliyi ilə əlaqə qurmaqdan və onlardan yardım qəbul etməkdən imtina etdilər.
Xayim Vayzman bu rədd cavabına baxmayaraq, təslim olmadı. 5 fevral 1919-cu ildə Dəməşqə ikinci bir nümayəndə heyəti göndərdi. Bu heyətə Yaqub əl-Musiri və Yafa şəhərinin hahamı Ben Sion Mayer Ozel daxil idi. Yeni nümayəndəliyin məqsədi Şam yəhudilərini “Vəd edilmiş torpağa” köçməyə inandırmaq idi ki, gələcəkdə qurulacaq İsrail dövlətinin qurucu babaları sırasında yer alsınlar.
Bu zamanlarda “Qilyom Heker” adlı bir yəhudi mühəndis meydana çıxdı və “Dəməşq şəhərinin yenidən qurulması” adlı inkişaf layihəsini Şam yəhudilərinə təqdim etdi. O, suriyalı yəhudiləri Fələstinə köçürmədən əvvəl Dəməşqdə sionist maliyyəsi ilə şəhəri inkişaf etdirmək istəyirdi ki, köç zamanı onların maddi, elmi və sosial səviyyəsi təmin olunmuş olsun. Layihənin əsas məqsədi sionist hərəkatın memarlıq, maliyyə və texniki gücünü nümayiş etdirmək və Şam yəhudilərini bu vasitə ilə təəccübləndirmək idi.
Heker layihə çərçivəsində Dəməşqdə, xüsusilə Yəhudi məhəlləsində, Əl-Əmara, Bab Tuma və Bab Şərqi bölgələrində yerləşən ev və daşınmaz əmlakları Suriya hökumətindən almağı, yəhudi məhəlləsinin yoxsul sakinlərinə aylıq yardım verilməsini, ivrit məktəblərinin inkişafını, Şam yəhudiləri üçün müasir yaşayış evlərinin tikilməsini, yeni bir sinaqoqun inşasını və köhnə sinaqoqun bərpasını, üstəlik məhəllənin Dəməşq tramvayına bağlanmasını təklif etdi.
Lakin Hekerin bu layihəsi Yəhudi Komitəsinin maliyyə şöbəsi tərəfindən rədd edildi. Çünki onların prioriteti Fələstində yeni yəhudi koloniyalarının qurulması və oradakı mövcud yəhudi məhəllələrinin inkişaf etdirilməsi idi.
Suriyalı Yəhudilər və Sionist Agentliklə əməkdaşlıq
Bu iri layihələr haqqında eşidən Dəməşqlilər – xüsusilə yəhudi
icması – ümidləndi. İş adamları şəhərə xarici sərmayələrin
gələcəyini düşündülər, kasıblar isə bunu işləmək və gəlirlərini
artırmaq üçün bir fürsət kimi qəbul etdilər.
Həmin dövrdə Sionist Agentliklə əməkdaşlıq edənlər arasında Hicaz
dəmir yolu stansiyasının inzibati rəhbərlərindən Naim Addas, həmin
stansiyada nəzarətçi işləyən Yaqub Moşli və ticarət məhkəmələrinin
hakimi Yusif əl-Əbadi vardı.
Bu üç nəfər, Dəməşq yəhudi cəmiyyətində sionist ruhun yayılması üçün iqtisadi yatırımlar vasitəsilə çalışdılar. Məsələn, 1919-cu ilin aprelində Dəməşqdə yaşayan rus yəhudi taciri Barux Bayesin rəhbərliyi ilə bir yəhudi yetimxanası açdılar. Barux Bayes, Mərcə meydanında işıqlandırma avadanlıqları satdığı mağazaya sahib idi. O, Xayim Vayzmana göndərdiyi məktubda yazırdı: “Dəməşqin sionist hərəkatla münasibətləri başqa yerlərə bənzəmir. Bu şəhər Fələstinin sərhədində yerləşir və utanılacaq bir haldır ki, bu qədər yaxınlıqda yaşadığımız halda yəhudi əhalisi bu vəziyyətdədir. Biz başqa heç bir tərəfdən yardım gözləmirik. Bizə ermənilərin Osmanlı qətliamından qaçdıqları zaman göstərilən yardım kimi bir yardım göstərilməyəcək. Əgər göstərilsə belə, həyatımız bunun bədəlini ödəyəcək”.
Yəhudi sərmayələri və təşkilatlanma
Bu tövsiyələrə əsasən, Sionist Agentlik 1919-cu ildən etibarən Dəməşq yəhudilərini xaricdəki yəhudilərdən ayırmamaq və şəhərdəki yerli yəhudi təşkilatları ilə əməkdaşlıq qurmaq qərarına gəldi. Məqsəd bu təşkilatlara daxil olmaq və onların, xüsusilə də gənc üzvlərinin sədaqətini qazanmaq idi. Agentlik bu təşkilatlara dəstək məqsədilə ayda 800 misir funtu vəsait ayırdı və bu vəsait ABŞ-dakı yəhudi cəmiyyətlərindən toplanan ianələr hesabına təmin olundu.
Dəməşqdə "Miqrasiya Komitəsi" və 1919-cu ilin mayında təsis edilmiş "İvrit Şurası" meydana gəldi. Bu şura yəhudi uşaqlarının ivrit dilini öyrənməsini təşviq etmək və yəhudi məhəlləsində mədəni və ədəbi mühazirələr təşkil etmək məqsədi daşıyırdı. 26 iyul 1919-cu ildə "İvrit Şurası" ilk fəaliyyətini elan etdi – bu, müasir sionist ideologiyanın banisi Teodor Herzlinin vəfatının 15-ci ildönümünə həsr olunmuş mərasim idi.
Lakin şəhərin yəhudi elitası bu tədbiri boykot etdi və onu
təxribat xarakterli, faydasız bir fəaliyyət kimi dəyərləndirdi.
Onlar bu cür addımların yalnız müsəlmanlarla münasibətləri
korlayacağını və dövlət tərəfindən təqibə və ya qarşıdurmaya səbəb
ola biləcəyini düşündülər. Eyni zamanda, Sionist Agentlik
qızların təhsilini dəstəkləyən “Ümid Cəmiyyəti”nə
və “Yəhudi Teatrsevərlər Cəmiyyəti”nə də nüfuz
etməyə çalışdı.
O dövrün ən tanınmış və güclü yəhudi ictimai təşkilatı isə
"Kadima Klubu" idi (kadima ivrit dilində “irəli”
deməkdir). Klub 14 oktyabr 1918-ci ildə qurulmuşdu və məqsədi gənc
yəhudiləri bir araya gətirmək və "Alliance" məktəbinin məzunlarının
ictimai fəaliyyətlərini təşkil etmək idi.
Sionist Agentlik həmçinin belaruslu mühacir olan həkim Arye Avronu Dəməşqdəki yəhudi məhəlləsinin səhiyyə sektoruna məsul təyin etdi. Ona ayda 15 misir funtu maaş verilirdi. Avron Dəməşqdə yəhudi məhəlləsində xüsusi bir dispanser qurdu və xəstələri pulsuz müayinə edən klinika açdı. Bundan əlavə, Agentlik Qahirədəki İtalyan xəstəxanasının keçmiş direktoru olan doktor Ciamko Artomla müqavilə bağladı və onu Dəməşqə göndərdi. Onun vəzifəsi yəhudi məhəlləsinin sanitar və ekoloji vəziyyətini öyrənmək idi. Onunla birlikdə tibb bacıları qrupu, bir yəhudi mamaça, bir əczaçı və yeni yetimxana rəhbərləri də Dəməşqə göndərildi.
Dəməşq yəhudiləri ivrit və ərəb dillərində qəzet yaratmaq təşəbbüsü ilə çıxış etdilər
Bir qrup yəhudi, həftədə üç dəfə çıxması planlaşdırılan və ərəb ilə ivrit dillərində yayımlanacaq “Əş-Şərq” adlı qəzetin yaradılması üçün müraciət etdi. Qəzetin baş redaktoru olaraq İbrahim Totah təyin edildi, ona “Alliance” məktəbləri və Beyrut İsaəvi Universiteti məzunu, gənc jurnalist İlyas Sasun yardım edəcəkdi. Sasun o dövrdə cəmi iyirmi yaşında, iddialı və Dəməşqin nüfuzlu şəxsləri ilə yaxın münasibətləri olan bir gənc idi. Şəxsi tanışlığı olduğu Əmir Feysəllə münasibətləri onu şəhər elitasına daha da yaxınlaşdırırdı. Ondan siyasi baxışları soruşulduqda belə cavab verirdi: “Vətənpərvərlikdə biz və müsəlmanlar qardaşıq, dində isə bir-birimizin əmisi oğluyuq”.
“Əş-Şərq” qəzetinin məsul şəxsləri hökumət qarşısında öhdəlik götürmüşdülər ki, qəzet yalnız Suriyanın ümumi məsələlərinə toxunacaq, Fələstin məsələsi və yəhudi immiqrasiyasına heç bir şəkildə yer verilməyəcək, sionizmdən isə yalnız hökumətin rəsmi mövqeyinə uyğun formada bəhs olunacaq.
Buna baxmayaraq, qəzetə hökumət tərəfindən verilən rəsmi dəstəyə rəğmən, bəzi dairələrdə bu nəşrin gerçək məqsədi ilə bağlı şübhələr yarandı. Xüsusilə, 1920-ci ilin mart ayında qəzet üçün ərəb əlifbası ilə yeni, müasir bir çap maşınının alınmasından sonra bu şübhələr artdı.
“Əş-Şərq” qəzetinin ilk sayı dörd səhifə ilə yayımlandı – ikisi ərəb, ikisi ivrit dilində. Açılış məqaləsində Şam yəhudilərinin milli rolu vurğulanmış və məqalə İlyas Sasun tərəfindən imzalanmışdı.
Qəzetə qarşı kampaniyaya Dəməşqdə yaşayan fələstinli jurnalist Yusif İsa rəhbərlik etdi. O, belə sual qaldırdı: “Ərəblik ideyasının mərkəzi və paytaxtı olan Dəməşqdə ivrit dilində və şübhəli məqsədləri olan bir qəzetin dərc edilməsi mümkündürmü?”
Qəzetin ikinci sayı 9 iyul 1920-ci ildə çıxsa da, səhifə sayı üçə endirildi – ikisi ərəb, biri ivrit dilində. 12 iyulda nəşr olunan üçüncü sayda isə ivrit səhifələr tamamilə çıxarıldı. Nəticədə qəzetin dördüncü sayı heç vaxt nəşr olunmadı.
1936-cı ildə, Kral Feysəl dövründə Dəməşqi parlamentdə təmsil edən Yusif Linado geri döndü və Dəməşq Ticarət Palatasının İdarə Heyətinə, eləcə də parlamentə üzv seçildi. 1943-cü ilə qədər bu vəzifəni icra etdi. Həmin il yəhudilərin parlamentdəki təmsilçilik payı Dəməşqdən Hələbə köçürüldü və Fələstin müharibəsindən sonra bu təmsilçilik tamamilə ləğv olundu.
Yusif Linadonun adı seçki kampaniyalarında Fransız mandatına qarşı çıxan Milli Blokun siyahılarında yer alırdı. Bu blokun üzvləri sırasında Şükri əl-Quatli, Cəmil Mərdam Bəy, Fəris əl-Xuri və digər milli hərəkat liderləri də var idi.
İstiqlaliyyətdən sonra Şam yəhudiləri (1946-cı ildən sonra)
1946-cı ildə Fransızların Suriyanı tərk etməsindən sonra, Sionist Agentlik ölkənin daxili siyasi durumu və 1949-cu ildən başlayaraq baş verən bir-birinin ardınca çevrilişlər səbəbilə Dəməşqdə hər hansı ciddi fəaliyyətdən uzaqlaşdı. Həmçinin bu dövrdə İsrail də öz quruluş mərhələsində daxili məsələlərlə məşğul idi.
1958–1961-ci illər arasında baş vermiş Suriya–Misir birliyi dövründə Suriyadakı yəhudilərin sayı azalaraq Dəməşqdə 2000, Hələbdə 3000, Qamışlıda isə 1300 nəfərə düşmüşdü. 1958-ci ilin mart ayında Sionist Agentlik yenidən fəaliyyətə başladı. Haim Şadmi və Yaqub Şamuş vasitəsilə Şam yəhudilərini yenidən köç etməyə təşviq etdilər. Onlar, əvvəlki arqumentləri təkrar edərək, prezident Camal Əbdünnasirin rəhbərlik etdiyi bir dövlətdə yaşamanın və işləməyin təhlükəli olduğunu vurğulayırdılar.
1958-ci ilin noyabrına qədər sionist hərəkat Dəməşqdən 44 yəhudi ailəsini çıxara bildi və Suriya hakimiyyəti onların səyahətinə mane olmadı. 28 sentyabr 1961-ci ildə "Ərəb Birləşmiş Respublikası"nın (Suriya–Misir birliyi) süqutundan əvvəl daha 23 yəhudi ailəsi Dəməşq və Hələbi tərk etdi və hamısı ABŞ-a köçdü.
Yəhudilərin ölkəni tərk etməsi məsələsi ilk dəfə Hafiz Əsədin 1977-ci ildə Cenevrədə ABŞ Prezidenti Cimmi Karterlə görüşündə müzakirəyə çıxarılmışdı. Daha sonra 1990-cı ildə Küveytin işğalından sonra onun İsveçrədə Prezident Corc Buş atayla görüşündə də bu məsələ gündəmə gəlmişdi. Ən nəhayət, 1994-cü ilin oktyabrında Dəməşqdə Əsədlə Prezident Bill Klinton arasında keçirilən zirvə görüşündə Əsəd yəhudilərin ölkədən çıxmasına razılıq verdi.
Bu razılaşmadan sonra 2500-dən çox suriyalı yəhudi evlərini və
qədim məhəllələrini tərk etdi.
2000–2010-cu illər arasında Suriyadakı yəhudilərin ümumi sayı
təxminən 200 nəfərə düşmüşdü: 150 nəfər Dəməşqdə, 30 nəfər Hələbdə,
20 nəfər isə Qamışlıda yaşayırdı. Onların tərk etdiyi binalarda
bəzi turizm layihələri həyata keçirildi. Məsələn, Şəttah sarayı
"Talisman Hoteli"nə çevrildi, Farhi sarayı isə
başqa bir otelə çevrildi. "Alliance" məktəbinin binasını isə
BMT-nin "UNRWA" Agentliyi və fələstinli uşaqlar üçün uşaq bağçası
paylaşdı.