BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
7 may tarixində Hindistan və Pakistan arasında cəbhə xəttində başlayan silahlı toqquşmalar bölgədə vəziyyətin sürətlə pisləşməsinə səbəb olub. Münaqişənin son mərhələsində Hindistanın Pakistanın nəzarətində olan Kəşmir bölgəsində “terrorçu mövqeləri” hədəfə alması iki ölkə arasında münasibətləri kəskinləşdirib. Rəsmi İslamabad Hindistanın hücumlarına cavab verəcəyini bəyan edib.
Hindistan ordusu bəyan edib ki, ölkəyə qarşı hücumların planlaşdırıldığı doqquz məntəqə, o cümlədən Pakistan və onun idarə etdiyi Kəşmir bölgəsində yerləşən infrastruktur obyektləri hədəfə alınıb. Hindistan mediası, xüsusilə CNN News-18 telekanalı, hücum nəticəsində 12 nəfərin öldüyünü, 55 nəfərin isə yaralandığını bildirib. Hərbçilər hədəf alınanların “terrorçu” olduqlarını iddia edirlər.
Pakistan isə ilk qiymətləndirməyə görə 3 mülki şəxsin həlak olduğunu, 12 nəfərin isə yaralandığını açıqlayıb. Ordunun sözçüsü “Ceo” telekanalına bildirib ki, beş fərqli bölgə, o cümlədən iki məscid Hindistan hücumlarının hədəfi olub. Şahidlər və yerli polis əməkdaşları güclü partlayış səsləri və artilleriya atəşi ilə yanaşı, hava qüvvələrinin aktivliyini də təsdiqləyiblər. Partlayışlardan sonra Muzaffərabad şəhərində elektrik enerjisi tamamilə kəsilib.
Hadisələrin fonunda ABŞ prezidenti Donald Tramp hər iki tərəfi sakitliyə çağıraraq, Hindistan və Pakistan arasında döyüşlərin tezliklə dayanacağına ümid etdiyini bildirib. Tramp Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada “Onlar onillərdir, əsrlərdir vuruşurlar. Ümid edirəm, bu tezliklə bitər”, – deyə bildirib.
Gərginliyin səbəblərindən biri kimi Hindistanın Kəşmir bölgəsində hindus turistlərə qarşı təşkil olunmuş və 26 nəfərin həyatını itirdiyi hücum göstərilir. Hindistan bu hücuma cavab olaraq əməliyyat keçirdiyini bildirir. Pakistan isə bu hadisə ilə heç bir əlaqəsinin olmadığını və Hindistanın yeni hücum planları barədə kəşfiyyat məlumatlarına malik olduqlarını bəyan edib.
Rəsmi Dehlinin açıqlamasına görə, “Sindur” adlı əməliyyat yalnız “terror infrastrukturu”nu hədəfə alıb və Pakistanın hərbi obyektlərinə toxunulmayıb. Hindistan əməliyyatın məqsədli, hesablanmış və qeyri-eskalativ olduğunu bildirib.
Beynəlxalq ictimaiyyət iki nüvə dövlətinin bu qarşıdurmasının regional və qlobal sabitliyə təhlükə yaratdığını bildirir. Hər iki ölkənin böyük nüvə arsenalına malik olması – Hindistanın təqribən 180, Pakistanın isə 170 nüvə başlığına sahib olduğu bildirilir – vəziyyəti daha da təhlükəli edir.
Təhlilçilərin fikrincə, tammiqyaslı müharibənin qarşısını beynəlxalq təzyiqlər, nüvə qarşıdurmasının doğuracağı fəlakətlərin fərqində olmaq və qarşılıqlı çəkindirmə tədbirləri ala bilər. Lakin davam edən qarşılıqlı hücumlar və eskalasiyanın qarşısını alacaq mexanizmlərin yoxluğu vəziyyəti son dərəcə həssas və təhlükəli edir.
İki ölkə arasında tarixən Kəşmir və sərhəd boyunca terror fəaliyyəti səbəbindən bir neçə dəfə münaqişələr baş verib. Buna baxmayaraq, tərəflər çox zaman eskalasiyanın böyüməsinin qarşısını almaq üçün məhdud və hesablama yolu ilə cavab tədbirlərinə üstünlük veriblər. Bu dəfə də belə bir yanaşmanın üstünlük təşkil edib-etməyəcəyi yaxın günlərdə bəlli olacaq.