Əsas səhifə » Moskvanın Buğda Diplomatiyası

BAKI,AzerVoice Analitik Təhlil Mərzəki

Rusiya və Fransa, Afrika və Yaxın Şərq bazarlarında buğda ticarəti uğrunda açıq elan edilməmiş bir müharibə aparır. Bu rəqabət, iqlim dəyişikliyi səbəbindən kənd təsərrüfatı istehsalı zəif olan təxminən 12 ölkənin buğda təminatına yönəlib. Şimali Afrika, qlobal buğda tələbinin ən yüksək olduğu bölgələrdən biridir. Bunun əsas səbəbi, sürətlə artan daxili tələbat və yerli qida istehlak vərdişləridir. Bu bölgə hər il mövsümlərə bağlı olaraq təxminən 30 milyon ton buğda idxal edir. Bu, Şimali Afrikanı dünyada adam başına ən çox çörək istehlak edən bölgəyə çevirib – illik 280 kq adambaşına düşən çörək istehlakı ilə.

Rusiya buğda idxalında ən böyük payı Misirə ayırır, onu Əlcəzair, Mərakeş, Tunis və Liviya izləyir. 2024-cü ildə Rusiyanın ümumi buğda istehsalı 93 milyon ton olduğu halda, buğda ixracı 51 milyon ton təşkil edib. Lakin gələcək mövsümdə bu rəqəmin 83 milyon tona düşəcəyi proqnozlaşdırılır.

Rusiya, Şimali Afrikada Fransanın Yerini Alır

Uzun illər boyu Fransa, tarixi və iqtisadi səbəblərə görə Şimali Afrikanın əsas buğda təchizatçısı olub. Lakin son illərdə vəziyyət dəyişib. Rusiya, Aralıq dənizinin cənub sahilində yerləşən bütün ölkələrə - Misirdən tutmuş Mərakeşə və daha cənuba, Avropa qoşunlarının tərk etdiyi Səhil bölgəsinə qədər - buğda ixracını genişləndirib.

Moskva artıq Parisin əvvəlki illərdə dominant olduğu bazarlarda üstünlüyü ələ keçirib. Kreml, Ukraynanın işğalından sonra tətbiq edilən Qərb sanksiyalarının iqtisadi təsirlərini azaltmaq üçün ticarət və yumşaq diplomatiyadan geniş istifadə edir. Şimali Afrika isə, Moskva üçün strateji əhəmiyyət daşıyan bölgəyə çevrilib. Rusiya, Yaxın Şərqdə Suriya rejiminin zəifləməsi və İranla əlaqəli qüvvələrin geri çəkilməsindən sonra burada nüfuzunu artırmağa çalışır.

Rusiyanın İqtisadi Blokadanı Dəf Etmək Cəhdi

Rusiyanın Şimali Afrikaya buğda ixracını artırmaq cəhdi, həm iqlim dəyişikliyi səbəbindən regionda artan tələbatdan istifadə etməyə, həm də Qərb sanksiyalarını aşmağa yönəlib. Rusiya, iqtisadi sanksiyalar səbəbindən Avropa bazarlarına enerji və kənd təsərrüfatı məhsullarını ixrac etməkdə çətinlik çəkir. Buna cavab olaraq, Moskva, qeyri-rəsmi ticarət tərəfdaşları vasitəsilə məhsullarını Avropaya və Amerika qitəsinə çıxarmağa çalışır. Bu strategiya, Türkiyə və İspaniya kimi Aralıq dənizi ölkələrinin qeyri-rəsmi iştirakı ilə həyata keçirilir.

Moskva, Mərakeşdə Fransanı kənarlaşdırmağa çalışır – bu, artıq Misir və Əlcəzairdə həyata keçirilən planın davamıdır.

İqlim Dəyişikliyi - İki Tərəfli Təhlükə

İqlim dəyişikliyi kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsir edir. Bir tərəfdən, qlobal iqlim dəyişikliyi nəticəsində lokal istehsal azalır və idxal tələbi artır. Digər tərəfdən isə, qeyri-sabit hava şəraiti səbəbindən Rusiya bəzən öz ixracat öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir.

Hazırda dünya buğda bazarının illik həcmi təxminən 74 milyard dollar təşkil edir. Rusiya, bu bazarın əsas oyunçularından biridir və 12 ölkəyə böyük həcmdə buğda ixrac edir. Bu ölkələrə daxil olan Misir (11 milyon ton), Əlcəzair (8,5 milyon ton), Türkiyə (7,2 milyon ton), İran (5,6 milyon ton), Səudiyyə Ərəbistanı (4,6 milyon ton) və digər ölkələr, Rusiyadan əsas tədarükçü kimi asılı vəziyyətə düşüblər.

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO), 2024-2025-ci il mövsümü üçün dünya üzrə ümumi buğda istehsalını 793 milyon ton olaraq proqnozlaşdırır. Lakin 2025-2026 mövsümündə buğda ehtiyatlarının 3,2 faiz azalaraq 805 milyon tona düşəcəyi gözlənilir. Bu, təklif-tələb balansında dəyişiklik yaradaraq, qlobal bazarda qiymətlərin artmasına səbəb ola bilər.

Rusiyanın Buğda İxracı Azalacaq

Rusiyanın 2024-cü ilin ilk yarısında buğda ixracının 31 faiz azalacağı və 23 milyon ton azalma ilə nəticələnəcəyi gözlənilir. Rusiya, dünyanın ən böyük buğda ixracatçısı olsa da, tələbatın artması və təklifin azalması səbəbindən dünya bazarında qeyri-sabitlik yaranır.

Rusiya, 2025-ci ilin ikinci yarısında buğda ixrac kvotasını 63 faiz azaldacağını elan edib. Bu qərar, Rusiya və digər keçmiş sovet ölkələrinin daxil olduğu Avrasiya İqtisadi İttifaqı tərəfindən təsdiqlənib. Ukrayna da buğda ixracatını yarım milyon ton azaltmaq niyyətindədir.

2023-2024 mövsümündə Rusiya 51 milyon ton, Avropa İttifaqı 36 milyon ton, Kanada 24 milyon ton, Avstraliya 22 milyon ton, ABŞ 20 milyon ton və Ukrayna 12 milyon ton buğda ixrac edib. Lakin bu tendensiyanın dəyişməsi gözlənilir və Rusiya ixracat bazarında mövqeyini qoruya bilməyə bilər.

Dünya Buğda Qiymətləri Artacaqmı?

Buğda bazarındakı qeyri-sabitlik, dünya üzrə qiymətlərin artmasına səbəb ola bilər. Rusiyanın 2025-ci ildə bazar payını itirməsi ehtimalı, buğda qiymətlərini artıracaq. "City Group" bankının proqnozuna görə, 2024-cü ilin ilk rübündə buğdanın tonu 305-315 dollar arasında olacaq. "Morgan Stanley" bankı isə, 2025-ci ilin sonuna qədər qiymətin 325 dollara yüksələcəyini bildirir.

Rusiyanın "Buğda Diplomatiyası"

Son üç il ərzində Moskva, "buğda diplomatiyası" adı altında ticarətini gücləndirib. Bu strategiya, Rusiya-NATO qarşıdurması fonunda Moskvanın inkişaf etməkdə olan ölkələrdə nüfuzunu artırmağa xidmət edir. Avropa İttifaqı, Aralıq dənizinin cənubundakı ölkələri Rusiyadan kənd təsərrüfatı və hərbi idxalı azaltmağa məcbur etməyə çalışır.

2025-2026-cı illərdə Rusiya buğda ixracatından 40 dollar əlavə vergi alacağını elan edib ki, bu da itirilən gəlirlərin kompensasiyası məqsədini daşıyır.

Fransanın Zəifləmiş Mövqeyi

Fransa, Rusiyanın zəifləməsindən istifadə edərək bazardakı mövqeyini bərpa etməyə çalışır. Lakin bu ölkənin buğda istehsalı son illərin ən aşağı səviyyəsinə düşüb. 2024-cü ilin istehsalı cəmi 27 milyon ton olacaq ki, bu da əvvəlki ilə nisbətən 25 faiz azalmadır.

Bu, Fransanın Şimali Afrika bazarlarında daha da geriləməsinə səbəb ola bilər. 2024-cü ildə Rusiya, Mərakeşə 280 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib və Mərakeşdə Fransa buğdasını ilk dəfə üstələyib.

Buğda bazarındakı dəyişikliklər, Rusiya və Fransanın Şimali Afrikadakı təsir mübarizəsinin hələ uzun müddət davam edəcəyini göstərir.

Digər Kateqoriyalar

2025 © Azervoice