Əsas səhifə » Türkmənistan və MAQATE arasında əməkdaşlıq genişlənir

Türkmənistan və MAQATE arasında əməkdaşlıq genişlənir

BAKI, AzerVoice

Türkmənistan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığını daha da genişləndirməyə hazırlaşır.

AzerVoice xəbər verir ki, bu barədə Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədova təqdim etdiyi hesabatda bildirib.

Meredov qeyd edib ki, Türkmənistanın xarici siyasətində prioritet istiqamətlərdən biri BMT və onun ixtisaslaşmış qurumları ilə beynəlxalq təhlükəsizlik və sülhün möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlıqdır. Bu çərçivədə MAQATE ilə əməkdaşlıq tibb, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və su ehtiyatlarının idarə olunması sahələrində genişlənir.

MAQATE ilə əməkdaşlığın sistemli şəkildə davam etdirilməsi və beynəlxalq təcrübəyə əsaslanaraq genişləndirilməsi məqsədilə 2025–2029-cu illəri əhatə edən ölkə üzrə Çərçivə Proqramının imzalanması təklif olunur. Sənəddə qarşıdakı beş il ərzində prioritet sahələr, konkret məqsədlər və onların yerinə yetirilməsi müddətləri əks olunacaq.

Bununla yanaşı, Türkmənistanın 1960-cı ildən qüvvədə olan “Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İmtiyaz və Toxunulmazlıqları haqqında” sazişə qoşulması da nəzərdən keçirilir.

Türkmənistanla MAQATE arasında əməkdaşlıq çərçivəsində 10–14 noyabr tarixlərində Aşqabad şəhərində nüvə və radioaktiv materialların təhlükəsizliyi ilə bağlı regional seminarın təşkili planlaşdırılır. Seminarda Mərkəzi Asiya, Qafqaz və digər Asiya ölkələrinin mütəxəssislərinin iştirakı gözlənilir.

Bununla yanaşı, MAQATE, Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Onkologiya Araşdırmaları Agentliyi ilə birgə “ImPACT” proqramı çərçivəsində 8–13 sentyabr tarixlərində Türkmənistana səfər planlaşdırılır. Bu proqram çərçivəsində ölkədə onkoloji xəstəliklərin müalicəsi və diaqnostikası üzrə əməkdaşlıq istiqamətində addımlar atılacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice