BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin Daxili Təhlükəsizlik Qüvvələri Baş Komandanlığı 12 vilayətdə 15 mütəşəkkil cinayətkar qrupa qarşı keçirilən əməliyyatlar zamanı hesablarında 438 milyon lirə maliyyə hərəkəti qeydə alınan 109 şübhəlinin saxlanıldığını açıqlayıb.
AzerVoice xəbər verir ki, qurumdan verilən məlumata görə, Türkiyə Respublika Baş Prokurorluqları və Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, eləcə də Kiber Cinayətlərlə Mübarizə idarələrinin koordinasiyası ilə vilayət təhlükəsizlik qüvvələri tərəfindən 12 vilayətdə əməliyyatlar həyata keçirilib.
Əməliyyatlar zamanı miqrant qaçaqmalçılığı, sələmçilik, narkotik vasitələrin qanunsuz dövriyyəsi, ağırlaşdırılmış oğurluq və insan alveri cinayətləri üzrə saxlanılan 109 nəfərdən 61-i barəsində həbs qətimkan tədbiri seçilib, 38 nəfər haqqında məhkəmə nəzarəti tətbiq olunub, digərləri ilə bağlı prosedurlar davam etdirilir.
Araşdırma nəticəsində şübhəlilərin Aydın vilayətində sələmçilik və miqrant qaçaqmalçılığı, Qaziantep vilayətində insan alveri və ağırlaşdırılmış dələduzluq, Diyarbəkir vilayətində mütəşəkkil oğurluq, Kırklareli, Manisa və Van vilayətlərində miqrant qaçaqmalçılığı, İzmir vilayətində ağırlaşdırılmış dələduzluq, Bolu, Şanlıurfa və Denizli vilayətlərində sələmçilik, Antalya və Ankara vilayətlərində isə mütəşəkkil narkotik ticarəti ilə məşğul olduqları müəyyən edilib.
Maliyyə Cinayətlərini Araşdırma Şurasının apardığı araşdırma nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamı ilə şübhəlilərə məxsus çoxsaylı daşınar və daşınmaz əmlaka həbs qoyulub.