BAKI, AzerVoice
Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2026–2027-ci tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün hökumətlərarası təqaüd proqramı elan edib.
AzerVoice xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Proqram Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında 11 oktyabr 2004-cü il tarixində imzalanmış təhsil sahəsində əməkdaşlığa dair müqavilə əsasında həyata keçirilir.
Təqaüd proqramı çərçivəsində hər iki ölkənin vətəndaşları tələbə mübadiləsi prinsipi əsasında qarşı tərəfin ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı əldə edirlər.
Müraciət üçün son tarix 16 mart 2026-cı il müəyyən edilib. Namizədlər proqramın şərtləri və tələb olunan sənədlər barədə ətraflı məlumatı müvafiq rəsmi elan vasitəsilə əldə edə bilərlər.
Qeyd edək ki, bu proqram Azərbaycan və Rumıniya arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə, akademik mübadilənin gücləndirilməsinə və gənclərin beynəlxalq təhsil imkanlarından faydalanmasına xidmət edir.