BAKI, AzerVoice, Nailə Babazadə
İstanbulda OnlyFans platformasında əxlaqsız məzmun paylaşan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı 16 şübhəli saxlanılıb, onlara məxsus 2 şirkət, 10 daşınmaz əmlak və 14 nəqliyyat vasitəsi üzərinə həbs qoyulub.
AzerVoice xəbər verir ki,İstanbul Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması” və “Əxlaqsızlıq” maddələri üzrə araşdırmaya başlayıblar.
Araşdırma zamanı müəyyən edilib ki, 7 iyun 2023-cü ildə məhkəmə qərarı ilə girişinə məhdudiyyət qoyulmuş OnlyFans platformasına İP ünvanı dəyişdirilməklə daxil olunub.
İstintaq tədbirləri başa çatdıqdan sonra şübhəlilərə qarşı eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 16 nəfər saxlanılıb, 2 şirkətə, 10 daşınmaz əmlaka və 14 avtomobilə həbs qoyulub.