BAKI, AzerVoice, Nailə Babazadə
ASELSAN-ın baş direktoru Ahmet Akyol bildirib ki, şirkətin 14 noyabr 1975-ci ildə Ankarada 4 nəfərlə başlayan fəaliyyəti bu gün, 50-ci ilində, 13 min nəfərlik böyük bir kollektivlə davam edir. Hazırda ASELSAN 25 ölkədə aktiv fəaliyyət göstərir və Anadolunun müxtəlif bölgələrində istehsal müəssisələrinə malikdir.AzerVoice xəbər verir ki, Akyol qeyd edib ki, ASELSAN Borsa İstanbul-da bazar dəyəri 1 trilyon liraya çatan ilk Türkiyə şirkəti olub.
Şirkət hazırda Türkiyənin ən dəyərli, Avropanın 8-ci, dünyanın isə 20-ci ən böyük müdafiə sənayesi şirkəti mövqeyindədir.
Türkiyənin 20 il əvvəl müdafiə məhsullarının ən böyük idxalçılarından biri olduğunu xatırladan Akyol bildirib ki, bu gün ölkə ən çox müdafiə məhsulu ixrac edən 10–11 ölkə arasında yer alır. O, ASELSAN-ın birbaşa və dolayı ixrac həyata keçirdiyini, son 9 ayda imzalanan ixrac müqavilələrinin 171 faiz artdığını vurğulayıb.
Akyol KIZILELMA, KAAN və SİHA layihələrində ASELSAN-ın roluna da toxunaraq bildirib ki, AESA radarlar, axtarıcı başlıqlar, data link sistemləri, elektrooptik və elektron müharibə sistemləri şirkət tərəfindən təmin edilir. Onun sözlərinə görə, KAAN təyyarəsindəki bütün sensorlar ASELSAN tərəfindən hazırlanıb.
Səhiyyə sahəsində də fəaliyyətlərini genişləndirdiklərini bildirən Akyol, mobil rentgen cihazı, ventilator və OED kimi məhsulların artıq tədarük edildiyini, Avropa bazarında fəal mövqe tutmağı hədəflədiklərini qeyd edib.