BAKI,AzerVoice, Nailə Babazadə
Paris Eurosatory 2024 sərgisində ilk dəfə nümayiş etdirilən 8x8 platformaya inteqrasiya olunmuş KORKUT hava hücumundan müdafiə sistemi atış sınaqları zamanı hərəkətdə olan hədəfi uğurla zərərsizləşdirib.
AzerVoice xəbər verir ki, ASELSAN tərəfindən 8x8 taktiki təkərli zirehli platformaya inteqrasiya edilən KORKUT 140/35 Yaxın Mənzilli Hava Hücumundan Müdafiə Sistemi sınaq mərhələsini uğurla keçib. Sistem atış testləri zamanı hərəkət halında olan hədəf təyyarəni dəqiq atəşlə zərərsizləşdirib.
Türkiyə müdafiə sənayesində alçaq hündürlükdə hava hücumundan müdafiə məqsədilə hazırlanmış KORKUT sistemi yeni əməliyyat imkanları qazanmağa davam edir. Daha əvvəl tırtıllı versiyası ilə təhlükəsizlik qüvvələrinin silahlanmasına daxil edilən və ixrac uğurları qazanan sistem, hərəkətlilik imkanlarının artırılması və müxtəlif relyeflərə uyğunlaşma məqsədilə bu dəfə təkərli zirehli platformaya inteqrasiya olunub.
8x8 platformaya inteqrasiya edilmiş KORKUT sistemi ilk dəfə Paris Eurosatory 2024 müdafiə sərgisində nümayiş etdirilib. Atış sınaqları zamanı isə yüksək dəqiqlik və stabillik nümayiş etdirərək hədəfi məhv edib.
Çoxqatlı inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi olan “ÇELİKKUBBE”nin əsas komponentlərindən biri hesab edilən KORKUT 140/35, xüsusilə mexanikləşdirilmiş bölmələrin və hərəkətli qüvvələrin hava müdafiəsini təmin etmək üçün optimallaşdırılıb.
Sistemin əməliyyat strukturu bir taqımı təşkil edən 3 Silah Sistemi Maşını və onları koordinasiya edən 1 Komanda-İdarəetmə Maşınından ibarətdir.
KORKUT sistemi dəqiqədə 1100 atım sürətinə malik 35 mm-lik iki lüləli silah sistemi ilə təchiz olunub və 4 kilometr effektiv atış məsafəsinə malikdir.
ASELSAN istehsalı olan ATOM 35 mm Parçacıq Tipli Mərmi sayəsində sistem döyüş təyyarələri, helikopterlər, pilotsuz uçuş aparatları (PUA), sürü PUA-lar, hava–yer raketləri və ballistik raketlərə qarşı yüksək effektivlik göstərir.
Stabilləşdirilmiş silah qülləsi sayəsində KORKUT, platforma hərəkətdə olduğu halda belə yüksək dəqiqliklə atəş aça bilir. Üçölçülü axtarış radarı ilə hədəfi aşkar edən sistem, atəşə nəzarət radarı və elektro-optik sensorlar vasitəsilə dəqiq hədəflənmə təmin edir.
