BAKI, AzerVoice, Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, 300 metr uzunluğunda yeni təyyarədaşıyan gəminin inşa prosesinə rəsmi olaraq başlanılıb.
AzerVoice xəbər verir ki, Prezident bu açıqlamanı İstanbul Gəmiqayırma Zavodu Komandanlığında keçirilən dəniz platformalarının xidmətə qəbulu, bayraq qaldırılması və ilk metal kəsmə mərasimi zamanı səsləndirib.
Ərdoğan qeyd edib ki, yeni təyyarədaşıyan gəmi TCG Anadolunun daha böyük və inkişaf etdirilmiş versiyası olacaq və Türkiyənin dəniz məkanında strateji çəkindirmə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Prezidentin sözlərinə görə, Türkiyə hazırda öz döyüş gəmilərini layihələndirib inşa edə bilən dünyadakı azsaylı ölkələr sırasındadır və bu potensial ardıcıl şəkildə artırılır.
Ərdoğan çıxışında TCG Hızırreis dizel-elektrik sualtı qayığının rəsmi olaraq xidmətə qəbul edildiyini açıqlayıb. O, həmçinin yeni tip desant gəmisi Ç-159, silahlı pilotsuz dəniz vasitəsi ULAQ, eləcə də TCG Koçhisar patrul gəmisinin Türkiyə Hərbi Dəniz Qüvvələrinin imkanlarını genişləndirdiyini bildirib. Koçhisar gəmisinin may ayının sonunda donanmaya daxil ediləcəyi qeyd olunub.
Bununla yanaşı, açıq dəniz patrul gəmisi Seferihisar üçün də ilk metal kəsmə mərasimi həyata keçirilib.
Prezident Pakistan Hərbi Dəniz Qüvvələri üçün həyata keçirilən MİLGEM layihəsinə də toxunub. Onun sözlərinə görə, layihə çərçivəsində ikinci gəmi PNS Khaibar bütün sınaqlardan sonra Pakistana təhvil verilib. Qalan iki gəminin tikintisi isə Karaçi Gəmiqayırma Zavodunda davam edir.
Ərdoğan bildirib ki, Türkiyənin müdafiə və aviasiya məhsulları ixracı son 11 ayda 7,4 milyard dollara, ilin sonuna doğru isə 8,6 milyard dollardan artıq səviyyəyə çatıb. 2028-ci il üçün əsas hədəf müdafiə və aviasiya ixracını 11 milyard dollara yüksəltmək və bu sahədə dünyada ilk 10 ölkə sırasında yer almaqdır.
Prezident vurğulayıb ki, həyata keçirilən bütün bu layihələr müharibəyə hazırlıq məqsədi daşımır, əksinə sülhün, təhlükəsizliyin, milli müstəqilliyin və dövlət maraqlarının qorunmasına xidmət edir.
Mərasimdə Türkiyə və Pakistan Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli nümayəndələri, eləcə də Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbər heyəti iştirak edib. Tədbirdən sonra Prezident Ərdoğan PNS Khaibar gəmisini ziyarət edib.
