BAKI, AzerVoice, Orxan Qədirzadə
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada seçkilərin nə vaxt və hansı formatda keçiriləcəyinə dair qərar verə bilməz.
AzerVoice xəbər verir ki, Zelenski bu fikirləri Portuqaliyanın Baş naziri Luís Montenegro ilə Kiyevdə keçirilən birgə mətbuat konfransında səsləndirib.
Zelenskinin sözlərinə görə, Ukraynanın nəzarətində olmayan, müvəqqəti işğal edilmiş ərazilərdə azad və demokratik seçkilərin keçirilməsi mümkün deyil. O bildirib ki, bu cür ərazilərdə səsvermə obyektiv və şəffaf şəkildə təşkil oluna bilməz.
Prezident qeyd edib ki, hazırkı şəraitdə xaricdə yaşayan ukraynalıların sayı ilə bağlı təşkilati çətinliklər mövcuddur, lakin bu məsələ üzərində Ukraynanın Xarici İşlər Nazirliyi işləyir ki, seçkilər keçiriləcəyi halda vətəndaşlar üçün səsvermə prosesi rahat təmin edilsin.
“Seçkilərin nə vaxt və hansı formatda keçiriləcəyinə Putin deyil, yalnız Ukrayna xalqı və Ukrayna vətəndaşları qərar verir”, – deyə Zelenski vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Vladimir Putin illik mətbuat konfransında Moskvanın Ukraynada mümkün seçkilər zamanı təhlükəsizliyin təmin olunması məsələsini nəzərdən keçirə biləcəyini bildirib və Rusiya ərazisində yaşayan Ukrayna vətəndaşlarının da səsvermə hüququnun təmin edilməsini gündəmə gətirib.
Mətbuat konfransı çərçivəsində Zelenski Ukrayna və Portuqaliya arasında dəniz pilotsuz aparatlarının birgə istehsalı üzrə tərəfdaşlığın yaradıldığını da açıqlayıb. Onun sözlərinə görə, bu sahə hazırda müdafiə əməkdaşlığının ən perspektivli istiqamətlərindən biridir.
Zelenski Portuqaliyanın Ukraynanın müdafiə imkanlarının gücləndirilməsinə verdiyi töhfələri, o cümlədən Avropanın maliyyə təhlükəsizliyi zəmanətləri çərçivəsində dəstəyi və ölkədə təhsil infrastrukturunun bərpasına göstərilən yardımı yüksək qiymətləndirib.