BAKI, AzerVoice, Orxan Qədirzadə
Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda Rusiyaya məxsus olduğu ehtimal edilən pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.
AzerVoice xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi hadisə ilə bağlı rəsmi açıqlama yayıb.
Nazirliyin məlumatına görə, hadisə İzmit rayonunun Çubuklubala məhəlləsi ərazisində qeydə alınıb. İlkin araşdırmalar nəticəsində tapılan hava vasitəsinin Rusiya istehsalı, kəşfiyyat və müşahidə məqsədilə istifadə olunan “Orlan-10” tipli PUA olduğu müəyyən edilib.
Bildirilib ki, sözügedən aparat kənd ərazisində vətəndaşlar tərəfindən aşkar edilib. Hadisə yerində təhlükəsizlik tədbirləri görülüb, müvafiq qurumlar cəlb olunub.
Daxili İşlər Nazirliyi PUA-nın haradan gəldiyi, hansı marşrutla hərəkət etdiyi və bölgədəki mümkün fəaliyyəti ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb. Hazırda istintaq-texniki yoxlamalar aparılır.