BAKI,AzerVoice, Nailə Babazadə
Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşek Türkiyə–Oman 13-cü Dövr Birgə İqtisadi Komitə (KEK) Toplantısı çərçivəsində iki ölkə arasında enerji, təhsil, səhiyyə və nəqliyyat daxil olmaqla 17 fərqli sahəni əhatə edən əməkdaşlıq protokolunun imzalandığını açıqlayıb.
AzerVoice xəbər verir ki, rəsmi səfər çərçivəsində Türkiyəyə gələn Oman Ticarət, Sənaye və İnvestisiya Təşviqi naziri Qais Mohammed Al Yousef və onu müşayiət edən nümayəndə heyəti ilə görüşən Mehmet Şimşek danışıqların məhsuldar keçdiyini bildirib.
Nazir sosial şəbəkə hesabında paylaşdığı açıqlamada qeyd edib ki, Türkiyə–Oman 13-cü Dövr KEK Toplantısı çərçivəsində keçirilən müzakirələr zamanı iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
Onun sözlərinə görə, tərəflər enerji, təhsil, səhiyyə və nəqliyyat sahələri daxil olmaqla 17 istiqamətdə KEK əməkdaşlıq protokolunu imzalayıblar. Eyni zamanda, təhsil sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə dair anlaşma memorandumu qəbul edilib. Görüşlərdə Türkiyə–Körfəz Əməkdaşlıq Şurası Azad Ticarət Sazişi üzrə danışıqların qısa müddətdə yekunlaşdırılmasının vacibliyi vurğulanıb, eləcə də sənaye zonalarında əməkdaşlığın artırılması barədə razılıq əldə olunub.
Bundan əlavə, Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) ev sahibliyi ilə keçirilən Türkiyə–Oman Dəyirmi Masa Toplantısında mövcud layihələr və yeni investisiya imkanları iş adamlarının iştirakı ilə müzakirə edilib.
Mehmet Şimşek bildirib ki, bu toplantının ötən il keçirilən görüşlərdə olduğu kimi, hər iki ölkə üçün konkret nəticələr verməsi gözlənilir.
