BAKI, AzerVoice, Orxan Qədirzadə
İranın xarici işlər naziri Abbas Araqçi Böyük Britaniyanın xarici işlər naziri Yvette Cooper ilə telefon danışığı aparıb. İran XİN-in şənbə günü yaydığı bəyanata görə, bu əlaqə İran və Böyük Britaniya arasında nadir birbaşa təmaslardan biri hesab olunur.
AzerVoice xəbər verir ki, cümə günü baş tutan telefon danışığında tərəflər qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və ümumi maraq doğuran məsələlərin müzakirəsi üçün müxtəlif səviyyələrdə məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
London mənbələrinin bildirdiyinə görə, Yvette Cooper danışıq zamanı İranın nüvə proqramı ilə bağlı diplomatik həll yolunun zəruriliyini diqqətə çatdırıb və bir sıra digər məsələləri gündəmə gətirib. Həmin mövzular arasında İranda təxminən bir ildir saxlanılan britaniyalı cütlük – Lindsi və Kreyq Formanın işi də yer alıb.
İran XİN-in açıqlamasında isə bu məsələ barədə məlumat verilməyib. Bəyanatda Abbas Araqçinin Böyük Britaniya, Fransa və Almaniyanın İranın nüvə proqramına yanaşmasını “məsuliyyətsiz” adlandırdığı qeyd olunub. Xatırladılıb ki, sözügedən üç Avropa dövləti sentyabrın sonunda İranın nüvə fəaliyyəti ilə əlaqədar BMT sanksiyalarının bərpası prosesinə start verib.
Qeyd edək ki, Lindsi və Kreyq Forman bu ilin yanvarında İranın mərkəzində yerləşən Kerman vilayətindən keçərkən saxlanılıb. İran tərəfi onları turist adı altında ölkəyə daxil olaraq xarici kəşfiyyat qurumları üçün məlumat toplamaqda ittiham edir. Cütlüyün ailəsi isə bu iddiaları rədd edir.
Məlumata görə, cümə günkü telefon danışığından əvvəl iki nazir arasında son təmas oktyabr ayında baş tutmuşdu.