BAKI, AzerVoice, Orxan Qədirzadə
Türkiyə üzrə həyata keçirilən şəhərsalma yenilənməsi proqramları çərçivəsində 2 milyon 333 min bina yenilənmə prosesinə cəlb olunub.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi məlumat yayıb.
Məlumata görə, təbii fəlakət risklərinə qarşı daha təhlükəsiz və dayanıqlı yaşayış mühitinin formalaşdırılması məqsədilə 130 min riskli və ehtiyat tikinti sahəsində layihələr icra edilir. 2012-ci ildən bu yana bu layihələr çərçivəsində 2 milyon 84 min binanın yenilənməsi başa çatdırılıb, 249 min bina üzrə isə tikinti işləri davam etdirilir.
Nazirliyin açıqlamasında qeyd olunur ki, şəhərsalma yenilənməsi proqramları çərçivəsində icarə yardımı, layihələndirmə, dövlət ehtiyacları üçün əmlakın alınması, xidmətlərin satın alınması və faiz dəstəyi istiqamətləri üzrə indiyədək 112,1 milyard lirə vəsait ayrılıb.
Şəhərsalma Yenilənməsi İdarəsinin əlaqələndirməsi ilə İstanbulda da işlər davam etdirilir. Şəhərdə 924 min binanın yenilənməsi tamamlanıb, 132 min bina üzrə isə tikinti prosesi davam edir. Xüsusilə yüksək riskli ərazilərdə görülən tədbirlərlə mümkün fəlakətlərə qarşı daha təhlükəsiz şəhər mühiti yaradılması hədəflənir.
Nazirlik bildirir ki, İstanbulda mövcud olan 8 milyon 70 min 177 binadan 1,5 milyonu riskli, 600 mininin isə təcili yenilənməsinə ehtiyac var. Bu çərçivədə həyata keçirilən “Yarısı Bizdən” proqramı vasitəsilə 78 min 878 binanın yenilənməsi dəstəklənir.
Proqram çərçivəsində sahə əsaslı yenilənmə modeli də tətbiq edilir. Bu model üzrə tikinti işlərini TOKİ və ya Emlak Konut GYO həyata keçirir. Hüquq sahiblərinə 875 min lirə həcmində dövlət dəstəyi göstərilir, qalan məbləğ isə uzunmüddətli və uyğun ödəniş şərtləri ilə təqdim olunur.
Bundan əlavə, hüquq sahiblərinə bir dəfəlik 125 min lirə məbləğində köç xərclərinin ödənilməsi üçün maddi yardım ayrılır. Kredit ödənişləri tikinti icazəsinin alınmasından iki il sonra başlayır və on il müddətinə bölünür. İlk il üzrə faiz tətbiq edilmir.