BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyədə işsizlik səviyyəsi sentyabr ayında əvvəlki aya nisbətən dəyişməyərək 8,6 faiz səviyyəsində qalıb. Bu dövrdə işsizlərin sayı 3 milyon 75 min nəfər olaraq qeydə alınıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) məlumat verib.
Məlumata görə, 15 yaş və yuxarı şəxslər arasında işsizlərin sayı əvvəlki aya nisbətən 12 min nəfər artaraq 3 milyon 75 min nəfərə çatıb. İşsizlik səviyyəsi kişi işçilər arasında 7,4 faiz qadınlarda isə 11,1 faiz təşkil edib.
Eyni dövrdə məşğul şəxslərin sayı əvvəlki aya nisbətən 200 min nəfər azalaraq 32 milyon 491 min nəfər, məşğulluq səviyyəsi isə 0,3 faiz azalaraq 48,9 faiz olub. Kişilər arasında məşğulluq səviyyəsi 66,3 faiz qadınlarda isə 31,8 faiz təşkil edib.
Əmək bazarında iştirak edənlərin sayı əvvəlki aya nisbətən 188 min nəfər azalaraq 35 milyon 566 min nəfər, əmək bazarına qatılma səviyyəsi isə 0,3 faiz bəndi azalaraq 53,5 faiz olub. Bu göstərici kişi işçilər arasında 71,6 faiz qadınlarda isə 35,7 faiz təşkil edib.
15-24 yaş qrupunda gənclər arasında işsizlik səviyyəsi əvvəlki aya nisbətən 0,9 faiz bəndi azalaraq 14,9 faiz olub. Bu yaş qrupunda işsizlik səviyyəsi kişilərdə 11,4 faiz qadınlarda isə 21,4 faiz təşkil edib.
Məşğul şəxslərin iş vaxtı ilə bağlı göstəricilərinə görə, sentyabr ayında həftəlik orta faktiki iş saatı əvvəlki aya nisbətən 1 saat artaraq 42,9 saat olub.