BAKI, AzerVoice, Nailə Babazadə
Keçən il Türkiyədə qeydiyyatda olan elektrikli avtomobillərin sayı 370 mini ötüb.
AzerVoice xəbər verir ki, bu haqda Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat verib.
Məlumata əsasən tlektrikli avtomobillərin ümumi avtomobillər içindəki payı 2,1 faizə yüksəlib, hibrid avtomobillərdə isə əhəmiyyətli artım qeydə alınıb. Türkiyədə yol hərəkətində qeydiyyatda olan elektrikli avtomobillərin sayı 2025-ci ildə əvvəlki illə müqayisədə təxminən 102 faiz artaraq 370 min 591-ə çatıb. Ölkədə ötən il trafiqdə qeydiyyatda olan avtomobillərin ümumi sayı isə 17 milyon 373 min 581 olub.
Karbon emissiyası digər yanacaq növlərinə nisbətən daha az olan, enerji səmərəliliyi təmin edən və səssiz işləməklə səs-küy çirkliliyini azaldan elektrikli avtomobillərin sayı son illərdə, xüsusilə də şarj stansiyalarının artması ilə əhəmiyyətli dərəcədə yüksəlib. Bu artımda Türkiyənin yerli avtomobili olan “Togg”un bazara çıxması və istifadəçi seçimlərinin bu istiqamətə yönəlməsi də mühüm rol oynayıb.
Məlumata görə, 2015-ci ildə cəmi 565 olan elektrikli avtomobillərin sayı 2024-cü ildə 183 min 776-ya, 2025-ci ilin dekabr ayı etibarilə isə 370 min 591-ə yüksəlib. 2025-ci ildə illik artım tempi təxminən 1,2 dəfə təşkil edib. Elektrikli avtomobillərin qeydiyyatda olan avtomobillər içindəki payı 2025-ci ildə 2,1 faiz olaraq hesablanıb. Bu göstərici 2024-cü ildə 1,1 faiz idi.
Hibrid avtomobillərlə bağlı məlumatlar isə ilk dəfə 2011-ci ildə 23 ədəd olaraq qeydə alınıb. Yol hərəkətində qeydiyyatda olan hibrid avtomobillərin sayı 2019-cu ildə 13 min 877-yə, 2023-cü ilin sonuna 222 min 328-ə, 2024-cü ildə isə 391 min 296-ya çatıb. 2025-ci ildə bu rəqəm 697 min 27-yə yüksəlib. Hibrid avtomobillərin ümumi avtomobillər içindəki payı 2024-cü ildə 2,4 faiz olduğu halda, 2025-ci ildə 4 faizə çatıb.
