BAKI,AzerVoice, Fərid Mikayılov
ABŞ Ədliyyə Nazirliyi Cefri Epşteynlə bağlı istintaq çərçivəsində 3 milyondan çox yeni sənədi ictimaiyyətə açıqlayıb.
AzerVoice xəbər verir ki, açıqlanan materiallarda Fransa Prezidenti Emmanuel Makronun adının da bir sıra yazışmalarda çəkildiyi bildirilir.
ABŞ Ədliyyə Nazirinin müavini Todd Blanşın verdiyi məlumata əsasən, Epşteyn işi üzrə əlavə sənədlərin dərc edilməsi şəffaflığın təmin olunması məqsədi daşıyır. Yeni açıqlanan materiallar arasında müxtəlif elektron yazışmalar, qeydlər və əlaqə məlumatları yer alır.
Sənədlərdə Emmanuel Makronun adının 2017-ci ildə Fransa prezidenti seçilməsindən əvvəl və sonra bir neçə dəfə qeyd edildiyi görünür. Məlumatlara görə, bəzi yazışmalarda Epşteyn Makrondan müxtəlif mövzularda fikir və dəstək istədiyini iddia edib. Bununla belə, sənədlərdə Makronun hər hansı qanunsuz fəaliyyətdə iştirak etdiyini təsdiqləyən faktlar yer almır.
Mediaya sızan yazışmalardan birində Epşteynin Dünya İqtisadi Forumunun rəhbərliyinə göndərdiyi elektron məktubda Makronun qlobal idarəetmə, beynəlxalq institutlar və sosial-iqtisadi islahatlarla bağlı baxışlarından sitatlar yer alıb. Digər sənədlərdə isə müxtəlif beynəlxalq görüşlər və qeyri-rəsmi təmaslar barədə qeydlər olduğu bildirilir.
Məsələ Fransada da siyasi rezonans doğurub. “Patriotlar” Partiyasının lideri Florian Filippot sosial şəbəkədə yaydığı açıqlamada Emmanuel Makronun Epşteynlə mümkün əlaqələrinin araşdırılmasını tələb edib və bunun Fransa üçün təhlükəsizlik baxımından risk yarada biləcəyini iddia edib.
Qeyd edək ki, Cefri Epşteyn azyaşlılara qarşı cinsi istismar və şəbəkə yaratmaq ittihamları ilə ABŞ-da həbs olunmuş, 2019-cu ilin avqustunda isə Nyu-Yorkdakı həbsxana kamerasında ölü tapılmışdı. ABŞ Federal Təhqiqat Bürosu və Ədliyyə Nazirliyi daha sonra apardıqları araşdırma nəticəsində Epşteynin intihar etdiyini açıqlamışdı.
ABŞ rəsmiləri vurğulayırlar ki, açıqlanan sənədlərdə adların çəkilməsi avtomatik olaraq hüquqi məsuliyyət və ya ittiham anlamına gəlmir və materiallar əlavə hüquqi qiymətləndirmə tələb edir.